Alimlər paralel kainatların mövcud ola biləcəyini ehtimal edirlər. Bəzi fərziyyələrə görə, zaman-zaman həyat üçün uyğun kainatlar yarana bilər, lakin bəşəriyyət onların mövcudluğunu heç vaxt öyrənə bilməz.
Hit.az xəbər verir ki, kainat, insanlığın yaşadığı mühit kimi, sanki ideal şəkildə “tənzimlənmiş” görünür. Lakin sual yaranır: əgər cazibə qüvvəsi bir qədər zəif və ya daha güclü olsaydı, nə baş verərdi?
ABŞ-dakı Sent Josep Universitetinin fizika professoru Pol Halpernin sözlərinə görə, cazibə qüvvəsi daha zəif olsaydı, ulduzlar və planetlər ümumiyyətlə formalaşmaya bilərdi.
“Digər tərəfdən, cazibə qüvvəsi çox güclü olsaydı, kainat çox qısa müddətdə dağılardı”, deyə o bildirib.
“BBC”nin yazdığına görə, təbiətdə təxminən 20 fundamental sabit mövcuddur və məhz onların dəqiq qiymətləri fizika qanunlarının işləməsini təmin edir.
Lakin sual açıq qalır: bu sabitlər haradan yaranıb?
Bəzi nəzəriyyələrə görə, bu vəziyyət hər şeyi əvvəlcədən düşünərək kainatı yaradan Tanrının mövcudluğuna işarə edə bilər. Digər alimlər isə bunu multikainat – yəni saysız-hesabsız kainatların mövcud olduğu bir sistemlə izah edirlər. Bu kainatların hər birində fiziki sabitlər fərqli ola bilər və bəşəriyyət sadəcə həyat üçün uyğun olan kainatda ortaya çıxıb.
Alimlər qeyd edir ki, bu vəziyyət “antrop prinsipi” ilə izah edilə bilər. Yəni həyatın mümkün olmadığı kainatlarda müşahidəçi olmayacağı üçün bu sualı verən də olmazdı.
“Bizim bu qədər şanslı olma ehtimalımız nə qədərdir? Bəziləri deyər ki, kifayət qədər yüksəkdir, çünki həyat olmayan kainatlarda biz sadəcə mövcud olmazdıq”, deyə nəşr yazır.
Çoxlu dünyalar interpretasiyası
Multikainat ideyasına aparan nəzəriyyələrdən biri kvant mexanikasından qaynaqlanır. Bu elm elektron kimi çox kiçik hissəciklərin davranışını araşdırır.
Kvant fizikasına görə, hissəciyin xüsusiyyətləri əvvəlcədən tam müəyyən olmur. Məsələn, elektron dəqiq olaraq bir nöqtədə yerləşmir – onun müxtəlif yerlərdə olma ehtimalı mövcuddur.
Klassik izaha görə, müşahidə aparıldığı anda bu ehtimallar “bir reallığa” çevrilir və elektron konkret mövqeyə malik olur. Bu isə bizim tanıdığımız kainat daxilində baş verir.
1957-ci ildə alim Hyu Everett III başqa bir fikir irəli sürüb və bu yanaşma sonradan “çoxlu dünyalar interpretasiyası” adlandırılıb. Bu nəzəriyyəyə görə, kvant hissəciyi yalnız bir vəziyyət seçmir – o, bütün mümkün vəziyyətlərə eyni anda “bölünür”, hər biri isə ayrı bir kainatda reallaşır.
Pol Halpernin sözlərinə görə, insan belə bir hissəciyi müşahidə etdikdə, onun mövcudluğu da müxtəlif versiyalara bölünür: bir versiya bir reallığı, digər versiyalar isə başqa reallıqları görür.
Lakin alim vurğulayır ki, bu “paralel versiyalar” filmlərdə göstərildiyi kimi macəralı paralel həyat sürmür.
Buna baxmayaraq, multikainat nəzəriyyəsinin tənqidçiləri də var. Bəzi alimlər bildirirlər ki, bu ideyanı nə sübut etmək, nə də təkzib etmək mümkündür və buna görə də onu tam elmi nəzəriyyə saymaq çətindir.
Sidney Universitetinin astrofiziki Geraynt Lyuis bildirib: “Elm mümkün qədər çox hadisəni sadə tənliklərlə izah etməyə çalışır. Lakin əgər problemi həll etmək üçün sonsuz sayda kainat ideyasına müraciət edirsinizsə, bu, məsələnin sadələşdirilməsi demək deyil”.
Əbədi inflyasiya nəzəriyyəsi
Müasir kosmoloji fərziyyələrə görə, zamanın başlanğıcında kainat son dərəcə qısa müddət ərzində inanılmaz sürətlə genişlənib.
“Bu, son dərəcə sürətli genişlənməyə səbəb olan müəyyən enerji profilinin nəticəsi idi”, deyə Halpern izah edib.
Genişlənmə dayandıqdan sonra həmin enerji maddəyə və işığa çevrilib və nəticədə bu gün tanıdığımız kainat formalaşıb.
Lakin kosmosun genişlənməsinin niyə məhz bizim yerləşdiyimiz bölgədə başlayıb dayandığı hələ də məlum deyil.
“Əbədi inflyasiya” ideyasına görə, genişlənmənin dayandığı kosmik bölgələr ayrılaraq ayrıca kainatlara çevrilə bilər. Bu kainatların hər biri digərindən fərqli fiziki xüsusiyyətlərə malik ola bilər.
Alimlər hesab edir ki, zaman-zaman həyat üçün uyğun olan belə kainatlar yarana bilər. Lakin kvant multikainatı ideyasında olduğu kimi, bu kainatlarla əlaqə qurmaq demək olar ki, mümkün deyil.
“Elm tarixində dolayı sübutlara əsaslandığımız çoxlu nümunələr var. Məsələn, biz Yer kürəsinin mərkəzinin dəmir və nikeldən ibarət olduğuna əminik, baxmayaraq ki, heç vaxt ora getməmişik”, deyə Halpern bildirib.
Lyuis də müəyyən formada multikainatın mövcud ola biləcəyini istisna etmir. Onun sözlərinə görə, bu gün multikainat ideyası “tam formalaşmış bir nəzəriyyədən çox, fərziyyələr və ideyalar toplusudur”.
Samir


