Ekoloqlar bildirirlər ki, ekoloji stressin artması Manqrov ekosistemlərində biomüxtəlifliyin azalmasına səbəb ola bilər və bunun nəticələri insanlara da təsir göstərəcək. Göteborq Universitetinin tədqiqatçıları dünyanın 23 manqrov bölgəsində karbon qazı və oksigen səviyyələrini ölçüblər. Araşdırmanın nəticələri göstərir ki, dəniz temperaturu artdıqca bu ekosistemlər getdikcə daha böyük təhlükə ilə üzləşir.
Hit.az xəbər verir ki, bu barədə “Phys.org” yazır.
Manqrov meşələrinin suları gelgitlərin təsiri ilə daim dəyişir. Suyun çəkilməsi zamanı oksigen səviyyəsi azalır, karbon qazının miqdarı isə artır. Bu isə balıqlar və digər dəniz canlıları üçün nəfəs almağı çətinləşdirir. Belə şəraitdə yalnız Manqrov mühitinə uyğunlaşmış növlər yaşaya bilir.
Gelgit yüksəldikdə isə su daha çox oksigen gətirir və karbon qazının səviyyəsi azalır. Bu dövrlərdə daha həssas növlər qidalanmaq və ya sığınacaq tapmaq üçün manqrov meşələrinə daxil ola bilir.
Ekstremal şərait
Alimlər bu gelgit dəyişikliklərinin dəniz canlıları üçün nə qədər tez-tez stress yaradan şərait formalaşdırdığını anlamaq üçün ilk dəfə olaraq dünyadakı manqrov meşələrində oksigen və karbon qazı səviyyələrini eyni vaxtda ölçüblər. Araşdırma nəticəsində qlobal ekoloji stress nümunələri müəyyən edilib.
Göteborq Universitetinin dəniz kimyaçısı və tədqiqatın aparıcı müəllifi Qloriya Raytmayyer bildirib ki, nəticələr onu təəccübləndirib.
“Bir çox Manqrov sistemlərinin artıq çox ekstremal şəraitdə olduğunu görmək məni təəccübləndirdi. Xüsusilə isti tropik bölgələrdə uzun müddət oksigen azlığı və karbon qazının yüksək səviyyəsi müşahidə olunur. Bu isə həssas balıq növlərinin manqrov meşələrinə daxil olması üçün çox az vaxt qoyur”, deyə o qeyd edib.
Alimlər nə aşkar edib?
Tədqiqatçılar okean sularının isinməsi və karbon qazı səviyyəsinin artması şəraitində manqrov sularının necə dəyişə biləcəyini də modelləşdiriblər.
Bütün modellərdə stress yaradan şərait daha sərt və daha uzunmüddətli olub. Bu isə balıqların və digər dəniz canlılarının manqrov meşələrindən sığınacaq kimi istifadə edə biləcəyi vaxtı azaldır. Bəzi hallarda şərait o qədər ağır ola bilər ki, bir çox balıq növü üçün nəfəs almaq çətinləşər.
Raytmayyer bildirib ki, Amazoniya və Hindistanda karbon qazının səviyyəsi artıq çox yüksəkdir. Onun sözlərinə görə, ekvatordan uzaqda yerləşən manqrov meşələri ilə müqayisədə tropik ekosistemlər artıq öz imkanlarının son həddinə yaxınlaşır.
“Bu son dərəcə zəngin yaşayış mühitləri okean temperaturu və karbon qazı səviyyəsi artdıqca həssas növləri ilk itirən yerlərdən biri ola bilər”, deyə alim vurğulayıb.
Ekoloji stressin güclənməsi nəticədə Manqrov ekosistemlərində biomüxtəlifliyin azalmasına gətirib çıxara bilər. Belə şəraitdə yalnız ən davamlı növlər sağ qala bilər.
Alimlərin fikrincə, bu proses ən çox tropik inkişaf etməkdə olan ölkələrə təsir göstərəcək. Çünki bu ölkələrdə balıqçılıq və sahilyanı yaşayış mənbələri böyük ölçüdə manqrov meşələrindən asılıdır.
“Yəqin ki, insanlar üçün ən böyük maraq kəsb edən balıq növləri bu dəyişikliklərdən ən çox zərər görəcək”, deyə Raytmayyer yekunlaşdırıb.
Samir


