Arxeoloqlar Aralıq dənizinin dibindən əfsanəvi İsgəndəriyyə mayakına aid 22 nəhəng daş bloku çıxarıblar. Çəkisi 80 tona qədər olan bu nəhəng qalıqlar qədim dünyanın ən hündür tikililərindən birinin sirlərini açmağa kömək edə bilər.
Hit.az xəbər verir ki, bu barədə “DailyGalaxy” portalı yazır.
“PHAROS” layihəsinin xüsusi arxeoloji qrupunun açıqlamasına görə, tapıntı qədim memarlığın öyrənilməsi üçün mühüm əhəmiyyət daşıyır. Hazırda bloklar 3D texnologiyaları vasitəsilə skan edilir.
Layihədə Fransanın “CNRS” (“Centre National de la Recherche Scientifique”) milli elmi tədqiqatlar mərkəzi və “Dassault Systèmes” fondu əməkdaşlıq edir. Mütəxəssislər mayakın virtual modelini yaratmaq üzərində işləyirlər. Bu model işığın fokuslanması üçün istifadə olunan güzgü sisteminin necə işlədiyini anlamağa kömək edəcək.
Alimlər qədim mühəndislərin şüşədən istifadə edib-etmədiyini və ya yalnız metal güzgülərə güvəndiyini də araşdırırlar. Rəqəmsal rekonstruksiya yaxın vaxtlarda itirilmiş bu möhtəşəm tikilinin əsl görünüşünü ortaya çıxara bilər. Bunun sayəsində insanlar dünyanın yeddi möcüzəsindən birinin daxilinə virtual şəkildə “səyahət” edə biləcəklər.
Arxeoloqlar artıq əsas girişin bəzi hissələrini müəyyənləşdiriblər. Mayakın təməl hissəsinin də qismən qorunub saxlandığı məlum olub. Mühəndislər əldə olunan məlumatlardan istifadə edərək qüllənin necə dağıldığı ilə bağlı nəzəriyyələri yoxlayırlar. Onlar fəlakət zamanı konstruksiyanın necə hərəkət etdiyini anlamağa çalışırlar.
“Dassault Systèmes” fondunun press-relizində bildirilib: “Bu qeyri-adi və təsirli əməliyyatın məqsədi bu memarlıq elementlərini araşdırmaq və skan etmək, həmçinin onları son on ildə su altında rəqəmsallaşdırılmış 100-dən çox blokdan ibarət kolleksiyaya əlavə etməkdir”.
Samir


