“Ukrayna və Fələstindəki müharibə illərdir davam edir. Lakin İrandakı müharibənin nə qədər davam edəcəyi ilə bağlı proqnoz vermək çətindir”.
Bu sözləri Azad Vətən Partiyasının sədri Akif Nağı Hit.az-a açıqlamasında deyib.
O, İranda davam edən müharibə ilə bağlı danışıb:
“Fələstindəki müharibə çox uzun çəkdi, Ukraynadakı savaş da bitmək bilmir. Müharibələrlə bağlı belə bir ifadə var: “Müharibəni nə vaxt istəyirsən başlada bilərsən, amma nə vaxt bacarsan onda bitirə bilirsən”. Yəni müharibəni başlamaq kifayət qədər asandır. Hətta hansısa bir avantürist çağırışla da müharibəni başlamaq olar, amma bitirmək çox çətindir. İndi də məhz o problem yaşanır. Bir tərəfdən İran müqavimət göstərir, digər tərəfdən isə ABŞ və İsrail çalışır ki, özlərinə uyğun olan nəticə ilə müharibəni bitirsinlər, amma hələlik bitirmək mümkün deyil”.
A.Nağının sözlərinə görə, İrandakı müharibə qəribə bir xarakter alıb:
“Müharibə tərəfləri özünümüdafiədən daha çox qarşılıqlı şəkildə bir-birlərinin hədəflərini vurmağa çalışırlar. Əgər İsrail və Amerika İran ərazisində hansısa nöqtələri vurursa, qarşı tərəf həmin məntəqələri müdafiə etməyi deyil, onun əvəzini çıxmaq haqqında düşünür. Həmçinin, İranın vurduğu yerlərə qarşılıq olaraq ABŞ və İsrail onları hədəf alır. Yəni bu müharibənin müəyyən bir qəribəliyi var.
Adətən müharibələrdə hər iki tərəf özünün vacib nöqtələrini müdafiə edir. Burada İran daha çox müdafiəsiz görünür. Yəni İranın rəhbərləri hədəfdə olsalar da sanki qorumaq haqqında düşünmürlər. Onlar, müəyyən strateji məntəqələri müdafiə etmək haqqında da düşünmürlər, sadəcə qarşı tərəfə zərbə endirməyə çalışırlar. Hətta bu hücumlarda dinc əhali və otellərə qarşı da yönəlir”.
Siyasətçi qeyd edib ki, bu müharibənin uzun müddət uzanması üçün tərəflər müəyyən qədər bərabər gücə malik olmalıdırlar:
“Məsələn, Ukrayna-Rusiya müharibəsi ilə müqayisə edək. Rusiya kifayət qədər güclüdür, amma Ukraynanın da arxasında Qərb dövlətləri dayanıb. Ona görə müharibə bu qədər uzanır. İran isə öz ətrafında ciddi koalisiya yarada bilmir. Öz qüvvəsi isə təbii ki, İsrailin və Amerikanın birgə qüvvələri ilə müqayisə oluna bilməz. Qüvvələr nisbəti zəif olduğuna görə müharibənin uzun müddət davam edəcəyi ehtimalı həddindən artıq azdır. Ola bilsin ki, hansısa bir barışıq imzalansın, amma düşmənçilik qalsın. Yəni müharibə vəziyyətində qalarlar, amma savaş fəal fazadan nisbətən sakit mövqeyə keçər. Şərti olaraq “soyuq müharibə” səviyyəsinə keçə bilərlər.
Hərçənd ki, bu ehtimal da azdır. Çünki ABŞ və İsrail qarşılarına müəyyən məqsədlər qoyublar. O məqsədlərə çatmaq üçün də təzyiqi getdikcə artırırlar, İranınsa qüvvələrinin tükəndiyi hiss olunur. Üstəlik, İran bir dövlət kimi də artıq öz daxilində əvvəlki qayda-qanunu saxlaya bilmir. Həmin ölkənin daxilində bir boşluq da yaranıb”.
Həmsöhbətimiz hesab edir ki, İran qarşı tərəflərə ciddi müqavimət göstərə bilmir:
“Rəsmi Tehran ancaq qisasçılıq xəttini götürüb. Hesab edirəm ki, qisasçılıqla müharibə aparmaq olmaz. Müharibənin də müəyyən tərkib hissələri var. Düzdür, qisasçılıq da müəyyən bir istiqamətdə qisasçılıq rol oynayır. Lakin yalnız qisasçılıqla gedirsənsə, o müharibə artıq ənənəvi müharibə qaydasından çıxır və nəticə əldə etmək olmur. ABŞ və İsraildə isə konkret hədəflər var: İranın imkanlarını tükəndirmək, rejimi devirmək, orada gedən prosesləri nəzarətə götürmək və sair. Ona görə də bu arqumentlərin təsiri altında bu müharibənin uzun müddət davam edəcəyi ehtimalı həddindən artıq azdır”.
Elmir Mustafa



