Rusiya Müdafiə Nazirliyi öz hərbçilərinə "Telegram"dan istifadəni qadağan edən əmri imzalayıb və bu, ölkənin hərbi əməliyyatlarına mənfi təsir göstərə bilər.
HİT.az xəbər verir ki, bu barədə Müharibə Araşdırmaları İnstitutunun (ISW) analitikləri bildirir.
Analitiklər rusiyalı hərbi bloqerlərin qadağanı tənqid etdiyini xatırladırlar. Onların qənaətinə görə, hərbçilər üçün "Telegram"ın istifadəsinin qadağan edilməsi, "Starlink"in bloklanmasından sonra Rusiya Silahlı Qüvvələrində yaranmış əlaqə problemlərini daha da kəskinləşdirə bilər. Bu, həmçinin düşmən ordusunun idarəolunmasına mənfi təsir göstərə bilər.
Eyni zamanda analitiklər qeyd edirlər ki, Rusiyada artıq "Telegram"ın bloklanmasına başlanılıb. 14 mart tarixinə qədər 6 000 rusiyalı vətəndaşın mesajlaşma tətbiqinin işləməməsi ilə bağlı şikayət etdiyi halda, 15 martda bu göstərici iki dəfə artıb. Ən çox şikayət Moskva və Sankt-Peterburqdandır. Analitiklərin fikrincə, Rusiya hakimiyyəti ölkədə "Telegram"ın fəaliyyətini tədricən məhdudlaşdıraraq Ukraynadakı müharibə barədə senzuranı gücləndirə bilər.
Analitiklər bildirirlər ki, bloklama tədbirləri o qədər geniş miqyaslıdır ki, ağ siyahıya daxil edilmiş saytlar və tətbiqlər, o cümlədən dövlət saytları bəzi ərazilərdə əlçatmazdır. Kreml Telegram-ı Moskva və Sankt-Peterburqda bloklamaqla mümkün daxili etirazları sınaya bilər.
"Bu bloklamalar Kreml tərəfindən 2025-ci ilin sonu və 2026-cı ilin əvvəlindən bəri davam edən internet senzurası kampaniyasının son eskalasiyasının bir hissəsidir. Bu, Rusiya prezidenti Vladimir Putinin rejiminin sabitliyinə inamının azalmasını göstərir. Putin gələcəkdə bu tədbirləri davam etdirə bilər, çünki Ukraynadakı hərbi səylərini dəstəkləmək üçün getdikcə mürəkkəb və populyar olmayan kompromislərlə üzləşir", deyə analitiklər əlavə edirlər.
Samir

