Kaya Kallas: Aİ Rusiya ilə enerji üzrə sazişlər bağlamağı planlaşdırmır

DÜNYA
17:49 / 17.03.2026
46

Avropa İttifaqı enerji qiymətlərinin artmasına baxmayaraq, Rusiya ilə enerji resursları üzrə sazişlər bağlamaq niyyətində deyil. 

HİT.az xəbər verir ki, bu barədə Aİ-nin xarici siyasət rəhbəri Kaya Kallas bildirib. Onun sözlərinə görə, bu məsələ hətta qeyri-rəsmi müzakirələrdə də gündəmdə deyil.

“Bu qapalı müzakirələrdə iştirak etmişəm və belə bir istək görməmişəm. Rusiya ilə danışarkən isə ən vacib məsələ əvvəlcə nəyi müzakirə etmək istədiyimizi müəyyənləşdirməkdir”, deyə Kaya Kallas “Reuters”ə müsahibəsində bildirib.

O əlavə edib: “Əgər biz sadəcə "adi biznesə" qayıtsaq, daha çox müharibə ilə üzləşəcəyik. Biz bunu əvvəllər görmüşük. Buna görə də çox ayıq olmalı və Rusiyaya istədiyini verməməliyik, çünki onların tələbləri yalnız artacaq”.

Yanvarın sonunda Aİ Şurası 2027-ci ildən etibarən Rusiyadan mayeləşdirilmiş təbii qaz (LNG) idxalına tam qadağa tətbiq olunmasını nəzərdə tutan planı təsdiqləyib. Bu qadağa 30 sentyabr 2027-ci ildən qüvvəyə minəcək. Slovakiya və Macarıstan bu təşəbbüsə qarşı çıxıb.

Martın əvvəlində Norveçin energetika naziri Terje Oslann İrandakı münaqişə fonunda Aİ-nin Rusiya qazına qadağanı yenidən müzakirə edə biləcəyini istisna etməyib. Avropa Komissiyasının sədri Ursula fon der Lyayen isə bildirib ki, Rusiya enerji resurslarına qayıdış Aİ üçün strateji səhv olardı.

Samir

0