ABŞ Hörmüz boğazını təkbaşına aça bilərmi? - "The Times"ın təhlili

DÜNYA
16:48 / 17.03.2026
49

ABŞ prezidenti Donald Tramp neft tankerlərinin Hörmüz boğazından təhlükəsiz keçidini təmin etmək üçün müttəfiqlərdən ibarət koalisiya yaratmağa çalışsa da, sonradan tərəfdaşlarını “kifayət qədər fəallıq göstərmədiklərinə” görə tənqid edib.

HİT.az xəbər verir ki, bu fonda “The Times” nəşri boğazdan təhlükəsiz keçidin nə dərəcədə mümkün olduğunu və Tehranın bu addımlarla hansı məqsədi güddüyünü təhlil edib.

Neftin boru kəmərləri ilə daşınması alternativ kimi

Nəşr qeyd edir ki, alternativ variant kimi neftin boru kəmərləri ilə daşınması mümkündür. Bu üsul daha az risklidir və dəniz nəqliyyatı ilə bağlı təhlükələrdən yayınmağa imkan verir.

Yaxın Şərqdə Hörmüz boğazını dolanan iki əsas neft kəməri mövcuddur. Onlardan biri BƏƏ-yə məxsusdur və Əbu-Dabidən Fuceyrəyə qədər uzanır (təxminən 380 km). Digəri isə Səudiyyə Ərəbistanına məxsusdur və ölkəni şərqdən qərbə – Fars körfəzi sahillərindən Qırmızı dənizdəki Yanbu limanına qədər (təxminən 1200 km) birləşdirir.

Bu kəmərlər maksimum güclə işləsə də, onların ümumi ötürmə qabiliyyəti gündə 8,8 milyon barel təşkil edir. Müqayisə üçün, münaqişədən əvvəl Hörmüz boğazından gündə təxminən 20 milyon barel neft daşınırdı.

Boru kəmərlərinin genişləndirilməsi nəzəri olaraq mümkün olsa da, region ölkələri arasındakı siyasi münasibətlər buna mane olur. Məsələn, BƏƏ və Qatar Səudiyyə Ərəbistanından asılı olmaq istəmir.

Hərbi müşayiət nə dərəcədə effektivdir?

Məqalədə tankerlərin hərbi gəmilərlə müşayiəti də nəzərdən keçirilir. Qeyd olunur ki, hətta İran donanması zəiflədilsə belə, Tehran boğazda gəmiçiliyi dayandırmaq imkanına malikdir.

Qərb hərbi donanması tankerləri müşayiət edə bilər, lakin bu, İranın qurudan buraxa biləcəyi raket zərbələrindən qorunmağa zəmanət vermir. Bu səbəbdən gəmiçilik şirkətləri və sığortaçılar belə riskə getmək istəmir.

Hətta İranın raket bazaları məhv edilsə belə, Tehran kiçik balıqçı gəmiləri vasitəsilə boğazı minalaya bilər.

Çin amili və beynəlxalq tərəddüd

ABŞ-ın çağırışlarına Almaniya və Böyük Britaniya skeptik yanaşıb. Cənubi Koreya və Yaponiya ehtiyatlı mövqe sərgiləyib.

Ən diqqətçəkən məqam isə Trampın Çinə müraciət etməsi olub. Çin İranla yaxşı münasibətlərə malikdir və regionda hərbi mövcudluğu var, lakin Pekinin belə əməliyyata qoşulması onun mövcud müdafiə siyasətinə zidd olardı. Çin məsələ ilə bağlı yalnız hərbi əməliyyatların dayandırılmasına çağırış edib.

İranın strategiyası

Nəşr qeyd edir ki, İran da qonşuları kimi neft satışından asılıdır və buna görə boğazı tam bloklamağa tələsməyə bilər. Belə addım gələcəkdə öz ixracına da zərər verə bilər.

Bununla yanaşı, Tehran ABŞ və İsrailin cavab tədbirlərindən – o cümlədən İran tankerlərinə hücumlardan ehtiyat edir.

“The Times”ın qənaətinə görə, İran uzunmüddətli, tükəndirici qarşıdurmaya hazırdır və hesab edir ki, rəqiblərindən daha davamlıdır.

“İran inanır ki, o, rəqiblərini tükəndirici müharibədə üstələyə bilər. Məqsəd Fars körfəzi ölkələrini ABŞ hərbi qüvvələrinin regiondan çıxarılmasını tələb etməyə təşviq etməkdir. Bunun müqabilində Tehran onlarla birlikdə yeni təhlükəsizlik arxitekturası qurmağa hazır olduğunu göstərir”, deyə nəşr yekunlaşdırır.

Samir

0