ABŞ prezidenti Donald Tramp administrasiyası Venesuelanın neft sektoruna tətbiq olunan sanksiyaların yumşaldılması variantını nəzərdən keçirir.
HİT.az xəbər verir ki, bu barədə "Bloomberg" yazıb.
"Bloomberg"in məlumatına görə, bu addım İranda müharibə səbəbindən neft qiymətlərinin kəskin artması fonunda istehsalın artırılması məqsədilə nəzərdə tutulur. Mənbələr bildirir ki, tədbirlər artıq bu həftə elan oluna bilər və bunlara daha çox fərdi lisenziyanın verilməsi daxildir. Bu lisenziyalar xarici şirkətlərin Venesuelada fəaliyyət göstərməsinə ABŞ sanksiyalarını pozmadan imkan verəcək.
ABŞ administrasiyası həmçinin daha geniş şirkət dairəsinin Venesuela bazarına çıxışını asanlaşdıracaq mexanizm hazırlayacaq. Lakin hələlik məlum deyil ki, bu addım ümumi lisenziyaların verilməsi formatında olacaq, yoxsa fərdi icazələr əsasında həyata keçiriləcək.
Hazırda ölkə gündə təxminən 1 milyon barrel neft hasil edir ki, bu, 1990-cı illərin əvvəlindəki səviyyənin təxminən üçdə birini təşkil edir. Lakin o vaxtdan bəri ölkənin infrastrukturu səmərəsiz idarəetmə, laqeydlik, korrupsiya və sanksiyalar səbəbindən ciddi şəkildə sıradan çıxıb.
Rayes Universitetinin Beyker Dövlət Siyasəti İnstitutunun Latın Amerikası enerji siyasəti üzrə direktoru Fransisko Monaldi hesab edir ki, Venesuelanın əlavə neft istehsalını sürətlə artırmaq və dünya bazarında qiymət sıçrayışını əvəz etmək imkanları məhduddur. Monaldinin proqnozuna görə, Venesuela bu il istehsalı maksimum üçdə bir artıraraq gündə 300 min barrel əlavə neft hasil edə bilər ki, bu da qlobal tələbə görə cüzi artımdır.
Buna baxmayaraq, ABŞ administrasiyası mümkün olduğu qədər bazara əlavə neft tədarükünü artırmaq üçün bütün səyləri göstərir. Əvvəllər eyni məqsədlə ABŞ Rusiya neftinə tətbiq olunan bəzi sanksiyaları yumşaldıb və Hindistanı Rusiya nefti alışını dayandırmağa inandırmaq səylərini azaldıb.
Samir


