Rusiya bütün ölkəni Ukrayna dronlarından qoruya bilmədiyini etiraf etdi
Rusiyada bildirilib ki, ölkə ərazisini pilotsuz uçuş aparatlarının zərbələrindən tam şəkildə qorumaq mümkün deyil və bu səbəbdən yalnız ən vacib obyektlər müdafiə olunacaq.
Rusiya Federasiyasında etiraf ediblər ki, Ukrayna dronlarına qarşı tam müdafiə təmin etmək imkanları yoxdur.
HİT.az xəbər verir ki, bu barədə Rusiya Dövlət Dumasında səsləndirilən açıqlamalarda bildirilib.
Rusiya mediasının məlumatına görə, Dövlət Dumasının deputatı Andrey Qurulyov ölkə ərazisinin çox böyük olduğunu və bu səbəbdən Ukrayna ordusunun hücumlarından tam qorunmanın mümkün olmadığını deyib.
"Hamını örtmək mümkün deyil. Prinsip etibarilə heç bir hava hücumundan müdafiə qüvvəsi buna çatmaz. Rusiya çox böyük əraziyə malikdir", deyə deputat Rusiya Təhlükəsizlik Şurasının rəhbəri Sergey Şoyqunun Ukrayna Silahlı Qüvvələrinin zərbələrinin Uraldan kənara genişlənməsi ilə bağlı fikirlərini şərh edərkən bildirib.
Qurulyov Rusiyada vahid və fasiləsiz hava hücumundan müdafiə sisteminin olmadığını vurğulayıb. Onun sözlərinə görə, bu səbəbdən hərbi komandanlıq yalnız ayrı-ayrı qaydada əsas obyektləri – iri şəhərləri, regional mərkəzləri, eləcə də “strateji obyektləri – müəssisələr, elektrik stansiyaları, mühüm körpülər və nəqliyyat xətlərini” qorumağa məcbur qalır.
Deputat əlavə edib ki, ölkə üçün uçan hədəfləri aşkar etməyə imkan verən “vahid radiolokasiya sahəsi”nin yaradılması kritik əhəmiyyət daşıyır.
13 mart tarixində “Reuters” agentliyi xəbər verib ki, Rusiya prezidenti Vladimir Putin Təhlükəsizlik Şurası ilə birlikdə ölkənin kritik infrastrukturunun qorunması məsələsini müzakirə edib. Bu müzakirələr Ukraynanın hücumlarının intensivləşməsindən sonra baş tutub. Məlumata görə, bu hücumlar zamanı digər hədəflərlə yanaşı, iri hərbi zavod da zərbə altına düşüb.
Rusiyanın raket sistemləri üçün idarəetmə komponentləri istehsal edən “Kremniy El” mikroelektronika zavodu “Storm Shadow” qanadlı raketləri ilə vurulub.
Samir


