Tunc dövründə insanlar dəmiri əridə bilmirdilər, buna baxmayaraq, həmin dövrə aid çoxsaylı dəmir artefaktlar mövcuddur. Bunlara məşhur Tutanxamon xəncəri də daxildir.
HİT.az “IFLScience” jurnalına istinadən xəbər verir ki, alimlər bu sirrin səbəbini nəhayət müəyyən ediblər: artefaktların əksəriyyəti yerüstü deyil, kosmik mənşəli metaldan hazırlanıb.
Tunc dövrü insanları dəmiri əridə bilmək üçün tələb olunan 1538 °C temperaturu əldə edə bilməsələr də, bu metalın başqa mənbəyi var idi – meteoritlər.
1963-cü ildə İspaniyanın Alikante bölgəsində aşkar edilən Vilyena xəzinəsi əvvəlcə tərkibində iki dəmir əşya olduğuna görə gec Tunc dövrünə (e.ə. 1400–1200-cü illər) aid edilmişdi. Bu əşyalar qızıl örtüklü kiçik yarımkürə formalı detal (ehtimal ki, skipetrin ucu və ya qılıncın dəstəyi) və açıq bilərzik idi. Lakin kimyəvi analiz göstərdi ki, bu metal meteorit mənşəlidir.
Meteorit mənşəli ən məşhur artefaktlardan biri Tutanxamonun xəncəridir. Bir çox sübutlar qədim misirlilərin dəmiri xüsusi əhəmiyyətli saydığını və onu səma ilə əlaqələndirdiyini göstərir.
Açıq Universitetin fizika elmləri üzrə tədqiqatçısı Dayana Consonun sözlərinə görə, XIX sülalənin əvvəlindən (təxminən e.ə. 1295-ci il) dəmiri ifadə edən yeni heroqlif söz yaranıb və bu söz sözün əsl mənasında "göydən gələn dəmir" kimi tərcümə olunur. Bu ifadənin niyə məhz həmin dövrdə ortaya çıxması tam aydın deyil, lakin sonradan bütün metal dəmir üçün istifadə olunmağa başlayıb. Bunun mümkün izahı böyük meteorit yağışı və ya iri toqquşma ola bilər.
2017-ci ildə aparılan və Tunc dövrünə aid artefaktlarda nikel və dəmir nisbətini analiz edən araşdırma göstərib ki, meteorit dəmirinin istifadəsi o dövr üçün adi hal olub.
Tədqiqatçılar bildirirlər ki, əldə olunan nəticələr göstərir ki, Tunc dövründə istifadə olunan dəmir məmulatlarının əksəriyyəti, hətta hamısı belə, təxminən e.ə. 1200-cü illərdə baş vermiş keçid dövrünə qədər meteorit dəmirindən hazırlanıb.
Qeyd edək ki, yaxın zamanda Almaniyada arxeoloqlar sirli kultla əlaqəli nadir Roma ziyarətgahı aşkar ediblər. Tədqiqatçılar bunun Bavariyada bu tip ən qədim məlum məbəd olduğunu bildiriblər.
Samir


