Rusiyanın, İranın və Çin kimi ölkələrin kəşfiyyat xidmətləri peşəkar agentlər əvəzinə adi vətəndaşları diversiya və məlumat toplama əməliyyatlarına cəlb etməyə başlayır.
HİT.az xəbər verir ki, bu barədə “Politico” yazıb.
Adi insanlar casusa çevrilir
Niderlandın Kəşfiyyat və Milli Təhlükələr Direktoru Yussef Ayt Daud bildirib ki, xüsusi xidmətlər getdikcə daha çox vətəndaşları – çox vaxt internet vasitəsilə – işə cəlb edir. Onlara tapşırıqları yerinə yetirmələri üçün pul və ya “adrenalin” təklif olunur.
Rəsmilərin sözlərinə görə, belə əməliyyatların əksəriyyəti onlayn həyata keçirilir, xüsusilə Telegram vasitəsilə. Tapşırıqlar sadə görünə bilər – məlumat toplamaqdan sabotaj aktlarına qədər.
“Cinayət xidmət kimi”
Yeni model “cinayət xidmət kimi” adlanır: insanlar dərin ideologiya və ya xüsusi hazırlıq olmadan xarici dövlətlərin tapşırıqlarını yerinə yetirməyə razı olurlar.
"Bəzən bu, sadəcə bir təklif kimi görünür: "5000 avroya bir şeyi yandırmaq istərsən?", deyə Ayt Daud izah edib.
Niderland rəsmiləri qeyd edirlər ki, Rusiya-Ukrayna müharibəsinin başlanmasından sonra belə əməliyyatların miqyası xeyli artıb. Bu addımlar Avropanı destabilizə etmək üçün hibrid kampaniyanın bir hissəsi kimi qiymətləndirilir.
Belə əməliyyatlarda cinayət təcrübəsi olmayan insanlar da iştirak edir – həm yeniyetmələr, həm də böyüklər, onları tez qazanılan pul və ya maraq cəlb edir.
Niderlandda artıq Haaqa yaxınlığında hökumət obyektləri barədə məlumat toplamağa çalışan üç 17 yaşlı şübhəli saxlanılıb. Təhqiqat hesab edir ki, onlar Rusiya hackerlərinin göstərişi ilə hərəkət ediblər.
Hüquq-mühafizə orqanları qanunu gücləndiriblər: indi dövlət sirri olmayan məlumatın xarici dövlətə ötürülməsi belə cinayət sayılır. Bunun üçün xüsusi kontr-kəşfiyyat bölməsi yaradılıb.
Casusluğu sübut etmək çətinləşir
Eyni zamanda, hüquq-mühafizə orqanları üçün sübut etmək çətindir ki, şübhəlilər başqa dövlətin maraqlarına qəsdən xidmət ediblər. Yaxınlarda Niderland məhkəməsi belə bir casusluq işində yumşaq hökm çıxarıb.
Ekspertlər qeyd edirlər ki, müasir casusluq getdikcə müharibə və sülh arasında “boz zona”ya keçir və potensial icraçı demək olar ki, hər kəs ola bilər.
Samir


