Kremldə Ukrayna ilə bağlı danışıqlarda müvəqqəti fasilə elan olunub.
HİT.az-ın məlumatına görə, Rusiya prezidentinin sözçüsü Dmitri Peskov bildirib ki, növbəti görüşlər bütün tərəflərin, ilk növbədə isə ABŞ-ın qrafikləri razılaşdırıldıqdan sonra baş tutacaq.
Onun sözlərinə görə, söhbət “situativ pauza”dan gedir və bu fasilə üçtərəfli danışıqların yeni mərhələsi üçün vaxtın uyğunlaşdırılmasından sonra aradan qalxacaq: “Bütün üç tərəfin qrafikləri razılaşdırılan kimi ümid edirik ki, bu pauza başa çatacaq".
Kremldə həmçinin Ukrayna Qara dənizdə enerji infrastrukturuna hücumlarda ittiham olunub və bu addımlar “düşünülməmiş və məsuliyyətsiz” adlandırılıb. Xüsusilə “Türk axını” və “Mavi axın” qaz kəmərlərinə təhlükə olduğu qeyd edilib.
Peskov bildirib ki, bu cür hərəkətlər yalnız regionda deyil, qlobal miqyasda da vəziyyəti daha da sabitsizləşdirə bilər. Bu, xüsusilə Yaxın Şərqdə artan gərginlik fonunda daha ciddi risk yaradır.
Peskov əlavə edib ki, Rusiya prezidenti Vladimir Putin daha əvvəl İran ətrafında eskalasiyanın enerji bazarına mənfi təsir göstərə biləcəyi barədə xəbərdarlıq edib.
Samir


