1980-ci ildə Sent-Helens vulkanının dağıdıcı püskürməsindən sonra alimlər qeyri-adi addım ataraq bir neçə sincabı fəlakət zonasına buraxıblar. Məqsəd onların təbiətin bərpasına kömək edib-etməyəcəyini yoxlamaq idi.
HİT.az-ın popularmechanics.com-a istinadən məlumatına görə, bu eksperimentin nəticələri o qədər uğurlu olub ki, təsiri 43 il sonra da hiss olunur.
1980-ci ilin mayında baş verən püskürmə 57 nəfərin həyatına son qoyub və ətraf mühitə ciddi ziyan vurub. Bölgənin təbii yollarla bərpasının uzun illər çəkəcəyini anlayan alimlər alternativ üsullara əl atmağa qərar veriblər.
Kaliforniya Universitetinin hesabatına görə, 1983-cü ilin mayında – püskürmədən üç il sonra – alimlər bir neçə sincabı əraziyə gətirərək orada buraxıblar. Güman edilirdi ki, torpağı qazarkən faydalı bakteriya və göbələkləri səthə çıxaran bu heyvanlar bitki və heyvan həyatının bərpasına təkan verəcək.
Sincablar gəlməzdən əvvəl vulkan püskürməsindən sonra yaranmış pemza sahələrində cəmi bir neçə bitki mövcud idi. Lakin sincabların cəmi bir gün fəaliyyət göstərdiyi iki sahədə altı il sonra təxminən 40 min bitki yetişib. Eyni zamanda, bu sahələrin ətrafında – sincabların müdaxilə etmədiyi ərazilər isə demək olar ki, məhsuldarsız qalıb.
Eksperimentin təsirinin onilliklər boyu davam edəcəyi əvvəlcədən gözlənilmirdi. “Frontiers” jurnalında dərc olunan məqaləyə görə, 40 il sonra belə həmin ərazilərdə formalaşmış mikroorqanizmlər, xüsusilə mikoriz göbələklər, bitkilərin inkişafını dəstəkləməyə davam edir.
Tədqiqatın həmmüəllifi Emma Aronson qeyd edib ki, ağacların öz mikoriz göbələkləri var və onlar torpaqdakı qida maddələrini mənimsəyərək ağacların daha sürətli bərpasına şərait yaradır. Onun sözlərinə görə, bəzi ərazilərdə ağaclar gözləniləndən xeyli tez bərpa olunub.
Konnektikut Universitetindən mikoloq Mia Malts isə vurğulayıb ki, bu təcrübə təbiətdə görünməyən, lakin həyati əhəmiyyət daşıyan mikroblar və göbələklər kimi elementlərin qarşılıqlı əlaqəsinin nə qədər vacib olduğunu göstərir. Bu hadisə göstərir ki, bəzən ən sadə və qeyri-adi müdaxilələr belə ekosistemin bərpasında həlledici rol oynaya bilər.
Samir


