Trampın Kubanı ələ keçirmə təhdidləri: Sorğu amerikalıların mövqeyini göstərdi

DÜNYA
17:43 / 19.03.2026
52

ABŞ vətəndaşlarının yarıdan çoxu ölkələrinin Kubada rejim dəyişikliyi üçün hərbi güc tətbiq etməsinə qarşı çıxır. 

HİT.az xəbər verir ki, bu nəticə “The Economist/YouGov” sorğusuna istinadən “The Hill” nəşri tərəfindən açıqlanıb.

Sorğuya görə, respondentlərin 53 faizi ABŞ-ın Kubada rejimi dəyişmək üçün hərbi müdaxilə etməsinə “qətiyyən qarşı” və ya “müəyyən dərəcədə qarşı” olduqlarını bildirib.

Eyni zamanda, iştirakçıların 23 faizi belə addımı “tam dəstəklədiyini” və ya “qismən dəstəklədiyini” deyib. Digər 23 faiz isə bu məsələ ilə bağlı qəti mövqe bildirməyib.

Məlumata görə, ABŞ prezidenti Donald Tramp Kubanı ələ keçirməklə bağlı sərt bəyanatlar səsləndirib və bunun onun üçün “şərəf” olacağını qeyd edib. Onun administrasiyası həmçinin yanacaq təchizatına məhdudiyyətlər tətbiq etməklə Havanaya təzyiq göstərir.

Tramp bildirib ki, Kubaya münasibətdə istədiyini edə biləcəyini düşünür və ölkəni “çox zəif dövlət” kimi qiymətləndirib.

Buna cavab olaraq Kuba prezidenti Migel Dias-Kanel belə bir ssenari baş verərsə, ölkəsinin “sarsılmaz müqavimət” göstərəcəyini bəyan edib. O qeyd edib ki, ABŞ demək olar hər gün Kubaya qarşı konstitusiya quruluşunun zorla dəyişdirilməsi ilə bağlı açıq təhdidlər səsləndirir.

Dias-Kanelin sözlərinə görə, Vaşinqton bu siyasəti uzun illərdir iqtisadi təzyiqlərlə zəiflətdiyi ölkəyə qarşı davam etdirir.

Sorğu 13–16 mart tarixlərində keçirilib və 1595 nəfər iştirak edib. Nəticələrin statistik səhv payı təxminən 3,3 faiz bəndi təşkil edir.

Samir

0