Alimlər Şimal dənizinin dibində "itmiş dünya" tapdı

DÜNYA
22:35 / 19.03.2026
43

Minilliklər əvvəl Böyük Britaniyanın şərq sahilləri Şimal-Qərbi Avropanın geniş əraziləri ilə birləşmişdi. Doggerlend kimi tanınan bu “itmiş dünya” təxminən 7 min il əvvəl su altında qalıb. 

HİT.az xəbər verir ki, bu barədə “BBC Wildlife Magazine” yazır.

Qeyd olunur ki, Doggerlend XX əsrin əvvəllərində kəşf edildikdən sonra alimlər uzun müddət bu bölgədə ağacların nə vaxt meydana gəldiyi və bu meşələrin qədim icmalar üçün nə dərəcədə yararlı olduğu barədə mübahisə aparıblar.

Uorik Universitetinin rəhbərliyi ilə aparılan yeni tədqiqat göstərib ki, 16 min ildən çox əvvəl bu ərazidə palıd, qarağac və fındıq kimi mülayim iqlimə xas ağaclar bitirmişdir. Bundan əlavə, alimlər qoz ağacına yaxın olan Pterocarya növünün DNT-sini də aşkar ediblər. Bu ağacın Şimal-Qərbi Avropada 400 min il əvvəl yoxa çıxdığı düşünülürdü.

Tədqiqatın aparıcı müəllifi Robin Allabi bildirib ki, alimlər ilk dəfə olaraq Doggerlendin cənub hissəsində geniş miqyasda sedaDNA analiz edərək son buz dövrünün sonundan Şimal dənizinin formalaşmasına qədər olan ekosistemi bərpa edə biliblər. Onun sözlərinə görə, ağacların bu ərazidə gözləniləndən min illər əvvəl meydana çıxması sürpriz olub.

Alimlər hesab edir ki, 16 min il əvvəl bu ərazidə meşələrin mövcudluğu ağacların son buzlaq maksimumundan (təxminən 20 min il əvvəl) sonra regionu sürətlə yenidən məskunlaşdırdığını göstərir.

Araşdırmaya görə, bu meşə ekosistemləri qaban, maral, qunduz və ayı kimi heyvanlarla yanaşı, insanlar üçün də zəngin resurslar təqdim edib. Alimlər ehtimal edir ki, Doggerlend meşələri erkən mezolit icmalarının yaşaması üçün kifayət qədər əlverişli olub.

Bredford Universitetindən Vinsent Qaffni vurğulayıb ki, Doggerlend uzun müddət yalnız Britaniya adalarının məskunlaşması üçün quru körpü kimi qiymətləndirilib. Lakin indi məlum olur ki, bu ərazi həm insanların erkən məskunlaşma mərkəzi, həm də bitki və heyvanlar üçün sığınacaq rolunu oynayıb.

Samir

0