Avropa Parlamentinin bir qrup deputatı Avropa İttifaqı rəhbərliyini Yaponiya, Kanada və Cənubi Koreya ilə ticarət sazişi bağlamağa çağırıb. Məqsəd ABŞ prezidenti Donald Tramp və Çinin ticarət siyasətində göstərdiyi təzyiqi balanslaşdırmaqdır.
HİT.az xəbər verir ki, bu barədə “Politico” yazır.
Nəşr bildirir ki, Avropa Parlamentindəki “Renew Europe” liberal qrupunun Avropa Komissiyasına ünvanladığı məktubda “Geoiqtisadi çəkindirmə paktı” adlanan yeni mexanizmin yaradılması təklif olunur.
Bu paktda tərəfdaş ölkələr arasında kritik asılılıqlar – məsələn, yarımkeçiricilər və nadir torpaq elementləri – müəyyən ediləcək. Həmçinin “qarşılıqlı cavab mexanizmi” nəzərdə tutulur ki, üzv ölkələrdən biri ABŞ və ya Çinin “aqressiv tarif hücumuna” məruz qalarsa, digərləri də birlikdə cavab versin.
“Çəkindirmə artıq təkcə hərbi deyil, iqtisadi xarakter daşıyır. Geosiyasi gərginlik dövründə biz liderlərlə görüşlərdə bu yeni alyans formatını təşviq edəcəyik. Bu format aydın mesaj verir: ümumi maraqlar və ortaq təsir birliyi çərçivəsində bir üzvə təzyiq göstərilməsi hamıya qarşı addım kimi qiymətləndiriləcək və birgə cavab veriləcək”, deyə “Renew Europe” qrupunun rəhbəri Valeri Ayye bildirib.
“Politico” qeyd edir ki, “Renew Europe” qrupuna Fransa prezidenti Emmanuel Makron da daxil olmaqla bir sıra Avropa ölkələrinin liderləri daxildir. Həmçinin Estoniya, İrlandiya, Sloveniya və Niderland rəhbərləri də bu siyasi qrupun üzvləri sırasındadır.
Bu təşəbbüs həm də Kanada baş naziri Mark Karninin Davosda səsləndirdiyi “orta güclərin birliyi” çağırışına cavab kimi qiymətləndirilir.
Samir


