61 yaşlı “qanuni oğru”ya 8 il həbs cəzası verildi

DÜNYA
20:28 / 19.03.2026
46

Rusiya Federasiyasının subyekti olan Kabardin-Balkar Respublikasında uzun illər regionun kriminal aləminin əsas fiqurlarından biri hesab olunan “qanuni oğru” Pyotr Gilke (Miku) ilə bağlı məhkəmə işi yekunlaşıb.

Hit.az xəbər verir ki, Kabardin-Balkar Respublikanın Ali Məhkəməsi 61 yaşlı “qanuni oğru”ya 8 il müddətinə ciddi rejimli cəzaçəkmə müəssisəsində həbs cəzası verib. Miku cinayət iyerarxiyasında yüksək mövqe tutmaqda təqsirli bilinib. Bu əməl Cinayət Məcəlləsinin 210.1-ci maddəsində nəzərdə tutulur.

Məlumata görə, Pyotr Gilke 1993-cü ildən etibarən kriminal mühitdə lider mövqeyə malik olub. Hüquq-mühafizə orqanlarının bildirdiyinə əsasən, o, uzun illər ərzində ətrafına cinayətkarları toplayaraq “qanuni oğru” ideologiyasını yaymaqla kriminal fəaliyyətə rəhbərlik edib.

Təqsirləndirilən şəxs uzun müddət xaricdə gizlənib və 2020-ci ilin aprelində beynəlxalq axtarışa verilib. Nəhayət, 2023-cü ilin noyabrında Türkiyə tərəfindən deportasiya olunaraq Moskvada hava limanında hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb.

İstintaq Kabardin-Balkar Respublikası üzrə Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən aparılıb. Məhkəmə prosesi isə bu ilin fevral ayında baş tutub.

Hökmə əsasən, o, həbs cəzası ilə yanaşı 100 min rubl məbləğində cərimə də ödəməlidir. Bundan əlavə, azadlığa çıxdıqdan sonra bir il müddətində yaşayış yerini nəzarət orqanlarının icazəsi olmadan dəyişə bilməyəcək.

Abbas 

0