"Yalnız varlılar üçün" aviaşirkət uçuşa başlayır: Biletlər neçəyədir?

DÜNYA
22:24 / 27.03.2026
41

Böyük Britaniyanın "beOnd” aviaşirkəti özünü dünyada "yalnız lüks səyahətlər üçün” nəzərdə tutulmuş ilk aviadaşıyıcı kimi təqdim edərək Maldiv adalarına yeni reyslər elan edib.

 

Qaynarinfo xəbər verir ki, bu barədə "Euronews Travel” yazır.

 

Məlumata görə, 2026-cı ilin dekabr ayından etibarən premium səviyyəli sərnişinlər London (Böyük Britaniya) və Parisdən (Fransa) Hind okeanında yerləşən Maldiv adalarına uça biləcəklər.

 

İlkin plana əsasən, Londonun Hitrou və Parisin Şarl de Qoll hava limanlarından Male beynəlxalq hava limanına həftədə üç reys həyata keçiriləcək. Uçuşlar hər iki istiqamətdə gecə vaxtı baş tutacaq və "Airbus A321” təyyarələri ilə icra olunacaq.

 

Reyslər birbaşa olmayacaq – Dubaydakı Əl-Məktum beynəlxalq hava limanında yanacaq doldurulması və texniki xidmət üçün bir dayanacaq nəzərdə tutulur.

 

Yeni marşrutlar "beOnd”un artıq mövcud olan Avropa istiqamətlərini – Münhen, Sürix və Milan ilə Maldiv adaları arasındakı uçuşları tamamlayacaq. Eyni zamanda bəzi istiqamətlər üzrə reyslərin sayı artırılacaq: Münhenə həftəlik uçuşlar 2-dən 4-ə, Sürixə isə 2-dən 5-ə çatdırılacaq.

 

Biletlərin qiyməti

 

"The Independent” nəşrinin məlumatına görə, Hitroudən 16 dekabr tarixində uçuş və bir həftə sonra geri dönüş daxil olmaqla gediş-dönüş bileti hazırda 3737 funt sterlinq (təxminən 4320 avro) təşkil edir. Bu qiymət "British Airways” aviaşirkətində ekonom sinif biletlərindən cəmi təxminən 20% bahadır.

 

Şirkət hazırda iki təyyarə – "Airbus A321” və "Airbus A319” ilə fəaliyyət göstərir. Sərnişinlərə tam uzanan biznes-klass oturacaqları, premium xidmət və dünya səviyyəli aşpazlar tərəfindən hazırlanmış xüsusi menyu təqdim olunur.

 

Təyyarələr nisbətən az tutumludur – "Airbus A321” modelində maksimum 68 sərnişin yer alır ki, bu da eksklüzivliyi qorumağa imkan verir. Salon "Ferrari” tərəfindən hazırlanmış oturacaqlar və yüksək keyfiyyətli İtaliya dərisi ilə təchiz edilib.

 

Sərnişinlərə həmçinin "Beats” qulaqlıqları, "Apple” VR qurğuları və ənənəvi ekranlar əvəzinə "Apple iPad Pro” planşetləri təqdim olunur. Bilet qiymətinə şəxsi sürücü ilə transfer xidməti də daxildir.

 

Dünyada yalnız biznes sinif xidmət göstərən digər yeganə aviaşirkət Fransanın "La Compagnie” şirkətidir ki, o da Şimali Amerikaya uçuşlar həyata keçirir.

 

0