Əbədi qaranlıqda unikal görmə qabiliyyətinə malik balıq tapıldı

DÜNYA
17:38 / 31.03.2026
40

Okeanın 600–800 metr dərinliyində, Günəş işığının demək olar ki, çatmadığı yerlərdə yaşayan ən qəribə balıqlardan biri – Sakit okean barrelgözü (digər adı ilə Macropinna microstoma) alimlərin diqqətini cəlb edib. Bu canlı ekstremal şəraitə uyğunlaşaraq ovlamaq üçün tamamilə fərqli bir görmə sistemi inkişaf etdirib. 

HİT.az xəbər verir ki, onun xüsusiyyətləri barədə “Forbes” nəşrində təkamül bioloqu Skott Trevers məlumat verib.

Alimin sözlərinə görə, 600–800 metr dərinlik Yer üzündə görmənin ən çətin olduğu mühitlərdən biridir. Burada işıq yalnız yuxarıdan zəif şəkildə düşür və ov adətən ya kölgə, ya da bioluminessensiya parıltısı kimi görünür.

Bu balığın əsas xüsusiyyəti boruvari gözləridir. Gözlər uzun silindr formasında olub yuxarıya yönəlir və ona suyun yuxarı qatlarını izləməyə imkan verir.

“Əksər balıqların gözləri yanlara baxır, lakin barrelgözün gözləri yuxarıya yönəlib. Bu, ona zəif işıq mənbəyindən gələn siluetləri izləməyə imkan verir. Boruvari forma isə işığı daha effektiv şəkildə toplayaraq retinaya yönləndirir”, deyə məqalədə qeyd olunur.

Uzun müddət alimlər hesab edirdilər ki, bu gözlər sabitdir və hərəkət etmir. Lakin bu halda sual yaranırdı: əgər balıq yalnız yuxarıya baxa bilirsə, ovunu necə tutur?

2008-ci ildə Monterey Bay Akvarium Tədqiqat İnstitutunun araşdırması göstərib ki, gözlər sabit deyil – onlar başın daxilində fırlana bilir və istiqaməti “yuxarıdan” “önə” dəyişə bilir.

Bu kəşf balığın ov strategiyasını da izah edib: əvvəlcə o, hərəkətsiz vəziyyətdə dayanaraq yuxarıdan gələn siluetləri izləyir, sonra isə hədəfi müəyyən edərək irəli baxışa keçib hücum edir.

Barrelgözün gözləri başın içində deyil, şəffaf günbəzlə örtülmüş xüsusi kapsulun altında yerləşir. Bu kapsul içi maye ilə doludur və başın üst hissəsini qoruyur.

“Yuxarıdan baxanda bu balıq sanki içində parlaq yaşıl gözlər olan şəffaf bir qabı xatırladır”, deyə Trevers yazır.

Alimlərin fikrincə, bu strukturun üç əsas funksiyası var: işığın maneəsiz keçməsi, meduzaların sancıcı hüceyrələrindən qorunma və gözlərin sabitliyinin təmin edilməsi.

Barrelgöz aktiv ovçu deyil. O, suda hərəkətsiz asılı vəziyyətdə qalır və yalnız ov yaxınlaşanda reaksiya verir. Əsas qidası zooplankton və kiçik orqanizmlərdir.

Dərin dəniz şəraiti – az işıq, az qida və yüksək risk – bu balığın qeyri-adi uyğunlaşmasına səbəb olub. Gözlərin yuxarıya yönəlməsi, onların hərəkət qabiliyyəti və şəffaf qoruyucu günbəz birlikdə unikal bir görmə sistemi yaradıb.

Araşdırmalar göstərir ki, bu balıq təkamülün sadə strukturları necə mürəkkəb və funksional sistemlərə çevirə biləcəyinin bariz nümunəsidir.

Samir
 

0