Pompeyin divarlarında yüksək texnologiyalı silah zərbələrinin izləri tapıldı

DÜNYA
19:40 / 31.03.2026
48

İtaliyalı tədqiqatçılar məşhur Pompey şəhərinin eramızdan əvvəl I əsrdə baş vermiş mühasirəsi zamanı Roma ordusunun dövrünə görə “yüksək texnologiyalı” hesab edilə bilən silahdan – şərti olaraq artilleriyanın sələfi sayılan poliboldan (polibolos) istifadə etmiş ola biləcəyinə dair yeni sübutlar təqdim ediblər. 

HİT.az xəbər verir ki, tədqiqatın nəticələri “Heritage” elmi jurnalında dərc olunub.

Araşdırmanın obyekti şəhər divarlarının şimal hissəsində, Vezuv və Herkulanum qapıları arasında aşkar edilən qeyri-adi zədələr olub. Bu izlər arxeoloqlara uzun müddətdir məlum olsa da, yeni rəqəmsal metodlar onların forma, yerləşmə və dərinliyini ilk dəfə detallı şəkildə analiz etməyə imkan verib. Məlum olub ki, bəzi dəliklər dairəvi deyil, aydın dördbucaqlı formaya malikdir və ventilyatorvari qruplar şəklində yerləşir.

Tədqiqatçılar bildirirlər ki, bu cür zədələr daş mərmilərlə işləyən ballistaların tipik təsirinə uyğun gəlmir. Bunun əvəzinə alimlər belə izlərin metal uclu oxların sürətli ardıcıllıqla atılmasına imkan verən kompleks torsion mexanizmi – qədim yunan mühəndisi Filon Bizanslı tərəfindən təsvir edilən polibol tərəfindən yaradılmış ola biləcəyini irəli sürürlər. Bu silahın xüsusiyyəti eyni hədəfə sürətli atəş aça bilməsi idi və bu, müasir avtomatik silahlara bənzədilir.

Divarların 3D modellərinin təhlili göstərib ki, izlər demək olar eyni intervallara malik radial qruplar əmələ gətirir. Bu isə qədim mənbələrdə təsvir olunan xüsusiyyətlərlə üst-üstə düşür. Tədqiqatda qeyd olunur ki, poliboldan atılan oxlar “bir-birinə yaxın düşərək dar və əyri trayektoriya üzrə eyni nöqtəyə cəmlənir”.

Bu, romalıların həmin silahdan divarlarda və ya istehkamların dişləri arasında görünən müdafiəçiləri hədəfə almaq üçün istifadə etmiş ola biləcəyini göstərir. Məqsəd divarları dağıtmaq deyil, düşmənin canlı qüvvəsini zərərsizləşdirmək olub.

Hipotezi gücləndirən mühüm arqumentlərdən biri də mühəndis hesablamalarıdır. Alimlər dəliklərdən çıxarılan daşın həcmini modelləşdirərək zərbə enerjisinin antik dövr metat mexanizmlərinin göstəricilərinə uyğun gəldiyini müəyyən ediblər.

Araşdırma həmçinin tarixi konteksti nəzərə alır. Güman edilir ki, izlər Pompeyin Roma sərkərdəsi Lucius Cornelius Sulla tərəfindən e.ə. 89-cu ildə, Müttəfiqlər müharibəsi zamanı mühasirəsi ilə bağlıdır. Həmin dövrdə şəhər intensiv “artilleriya” atəşinə məruz qalmışdı.

Silahın özünün birbaşa arxeoloji qalıqları tapılmasa da, morfoloji, mühəndislik və tarixi məlumatların məcmusu alimlərə polibolun istifadə olunması barədə əsaslandırılmış hipotez irəli sürməyə imkan verir.

Tədqiqatçılar araşdırmanı davam etdirməyi, o cümlədən bu mexanizmin eksperimental rekonstruksiyasını hazırlayıb onun real şəraitə yaxın mühitdə imkanlarını yoxlamağı planlaşdırırlar. Bu, Pompeyin divarlarında bu günə qədər qorunub qalmış “antik yüksək texnologiyalı silah” izləri barədə hipotezi təsdiqləyə və ya təkzib edə bilər.

Samir
 

0