Böyük Çin səddi barədə “kosmosdan görünür” iddiası mif sayılsa da, orbitdən həqiqətən görünən nəhəng strukturlar mövcuddur və onların hamısı insanlar tərəfindən yaradılmayıb. Belə nümunələrdən biri Braziliyada yaşayan Syntermes dirus növünə aid termitlərin qurduğu nəhəng kurqan şəbəkəsidir. Bu kurqanlar təxminən 2 metr hündürlükdədir və ümumilikdə Böyük Britaniya ərazisi qədər sahəni əhatə edir.
HİT.az xəbər verir ki, bu barədə "Mirror" yazır.
“Fərdi kurqanın tikintisi min illər çəkə bilər, diametri isə təxminən 9 metrə çatır. Lakin bu "murundlar" o qədər çoxdur ki — son hesablamalara görə təxminən 200 milyon — birlikdə kosmosdan görünən nəhəng bir landşaft yaradırlar”, deyə məqalədə qeyd olunur.
Böyük Giza piramidası tez-tez memarlıq möcüzəsi kimi göstərilsə də, bu kiçik termitlər ümumilikdə təxminən 10 km³ torpaq hərəkət etdiriblər. Bu həcm 4000 ədəd, hər biri piramida ölçüsündə qurğu yaratmağa kifayət edərdi.
“Bunu insanlarla müqayisə etsək, sanki insanlar Burj Xəlifədən dörd dəfə hündür və ya Big Ben-dən 320 dəfə yüksək bir tikili inşa edərdi — üstəlik heç bir plan, mühəndis və təhlükəsizlik qaydaları olmadan”, deyə “Mirror” yazır.
Məlumata görə, bu həşəratlar yalnız bir ağac növünün yarpaqları ilə qidalanır. Onların qurduğu kurqanlar əslində geniş yeraltı “şəhər” şəbəkəsinin tullantı yığınları kimi də çıxış edir.
“Bu bölgənin sərt və quraq torpağı həm tikinti üçün uyğundur, həm də kənd təsərrüfatına az yararlı olduğundan kurqanlar bəzi yerlərdə 4000 ilə qədər toxunulmaz qalıb”, deyə bildirilir.
Yerli əhali bu strukturları uzun müddətdir tanısa da, onların miqyası yalnız peyk görüntüləri sayəsində tam üzə çıxıb. Salford Universitetindən Stiven Martin bildirib ki, "Google Earth" vasitəsilə baxdıqda bu strukturların hər yerdə olduğu görünür: “İnternetdə onlar haqqında demək olar ki, heç bir məlumat tapmadım”.
Alimlərin fikrincə, hər kurqan ayrı koloniyaya aid deyil, çünki onlar arasında düşmənçilik müşahidə olunmur. Tədqiqatçılar həmçinin bu termitlərin qısa müddət ərzində qida əldə edə bilməsi şəraitində necə yaşadıqlarını da araşdırırlar və onların mümkün “qış yuxusu” davranışı barədə fərziyyələr irəli sürülür.
Samir


