İranla İraq birləşəcək?

DÜNYA
13:06 / 31.03.2026
138

Son günlərdə İranın yeni ali dini lideri Müctəba Xamenei diqqətçəkən bir təşəbbüslə çıxış edib.

O, İrana dəstək verdiklərinə görə İraq xalqına və dini liderlərinə təşəkkürünü bildirib. Lakin diqqətçəkən məsələ tam başqadır. Xamanei ABŞ və İsrailin məğlub edilməsi halında İraq və İranın birləşərək vahid dövlət ola biləcəyini deyib. Onun bu sözlərinə İraqdan reaksiya verilməyib. Dünyada isə sözügedən təklif birmənalı qarşılanmayıb. Bir çox ekspert bunu rellaşması mümkün olmayacaq bir xəyal kimi dəyərləndirib. 

Bəs bu ehtimal nə dərəcədə realdır? Nə üçün belə bir variant gündəmə gəlir?

Mövzu ilə bağlı Azad Vətən Partiyasının sədri Akif Nağı Hit.az-a açıqlama verib.

O bildirib ki, bu təklif çox istiqamətdə yozula bilər:
“İlk növbədə hər iki ölkənin dini bağlılıqlarını qeyd etmək olar. Belə ki, İraqda xeyli şiə məzhəbində olan insanların İrandakı siyasi və dini qurumlarla ciddi əlaqələri var. Eyni zamanda, şiə rəhbərlərindən biri Əli Sistani İraqda yaşayır və müharibə başlayandan bir qədər sonra bir cihad elan etdi. Bu da İraqla İranın yaxınlığı ilə bağlıdır. Həmçinin, Müctəba Xamenei tərəflərin qüvvələrinin birləşməli olduğunu da nəzərdə tuta bilər. Necə ki, ABŞ-İsrail bir yerdə hərəkət edirsə, ona əks olan qüvvələr də, İslam dünyasının qüvvələri də birləşməsi gündəmə gəlməsi mümkündür”.

Siyasətçi qeyd edib ki, hazırda İslam dünyasında bir parçalanma var:
“Xüsusilə İran Körfəz ölkələrinin əksəriyyəti ilə anlaşma bilmədi və onlarla qarşıdurmaya getdi. Amerikanın hərbi bazaları yerləşdiyi və yaxud başqa formada ABŞ-yə dəstək verən ərəb ölkələrin ərazilərini vurdu. Bu isə İslam birliyinə böyük zərbə idi. Bəlkə də, ali dini lider o nöqsanı və çatışmazlığı doldurmaq üçün İraqla yaxınlıq işarəsini göstərmək istəyir”.

Akif Nağı onu da vurğulayıb ki, hazırda İran deyilən dövlət tarixən Azərbaycan dövləti olub:
“Azərbaycan dövlətinin güclü sülalələr hakimiyyətdə olduğu vaxtında həm İraq, həm də Əcəm İraqı deyilən (indiki İranın böyük bir hissəsi) o dövrdə Azərbaycan dövlətinin tərkibində olub. Yəni Müctəba Xameneinin sözləri İranla İraqın tarixən bir dövlətin tərkibində olduğu üçün yenidən birləşə biləcəyinə də işarə sayıla bilər. Hərçənd ki, bu ideya dünyanın reallıqlarına qətiyyən cavab vermir. Hazırda İraq öz siyasətini yeridir. Onların özlərinin mövqeyi və dünya sistemində öz yerləri var. Hesab edirəm ki, İraqın İranla birləşməsi məntiqli olmaz. Ümumiyyətlə, bunun real görünməyən bir məsələ olduğu ortadadır”.

Partiya sədrinin fikrincə, Xameneinin bu təklifində başqa istəklər də ola bilər:
“Nəzərə alaq ki, İraq tərəfindən də buna bir cavab olmadı. Görünür, İraq tərəfi də qeyri-müəyyən bir vəziyyətdədir. Çünki İraqın da ərazisini müəyyən məqamlarda İran tərəfindən zərbələr endirilib. Yəni orada da gedən proseslər birmənalı deyil. Bütün bunların fonunda İranın İraqla bağlı münasibətləri də tam şəkildə aydın deyil. İraq tərəfindən reaksiya olmadığına görə bu məsələni dəqiq dəyərləndirmək çətindir. Lakin hesab edirik ki, bu, reallıqdan uzaq olan məsələdir, sadəcə mənəvi mahiyyət daşıyan bir təşəbbüs ola bilər”.

Elmir Mustafa


 

0