Yaxın Şərqdə münaqişənin eskalasiyası nəticəsində qlobal helium ehtiyatları azalır.
HİT.az "Wall Street Journal"a (WSJ) istinadən xəbər verir ki, helium mikroçiplərin (o cümlədən süni intellekt əsaslı çiplərin) istehsalında, avadanlıqların soyudulmasında və MRT aparatlarının fəaliyyətində istifadə olunur. Qaz qıtlığının həmçinin pilotsuz uçuş aparatlarının (dronların) istehsalına da təsir göstərə biləcəyi bildirilir.
Nəşrin məlumatına görə, qlobal bazarda helium ehtiyatlarının azalması Qətərdən təbii qaz tədarükünün dayanması ilə bağlıdır. WSJ qeyd edir ki, qazın qiyməti artıq iki dəfə artıb, təchizatçılar isə müştərilərə əlavə qiymət artımları və mümkün fasilələr barədə xəbərdarlıq edirlər.
Məlumata əsasən, Qətər əvvəllər helium ixracını Hörmüz boğazı vasitəsilə həyata keçirirdi. Lakin ABŞ və İsrailin hərbi əməliyyatından sonra boğazın bağlanması logistikanı çətinləşdirib. Nəşr yazır ki, boğaz yenidən açılsa belə, ixracın qısa müddətdə əvvəlki səviyyəyə qayıtması çətin olacaq.
20 mart tarixində “Qatar Energy” şirkəti İranda baş verən zərbələr nəticəsində Qətərin maye təbii qaz (LNG) istehsal gücünün 17 faizinin sıradan çıxdığını, bərpa işlərinin isə beş ildən çox çəkə biləcəyini açıqlayıb. “Reuters” agentliyi isə helium istehsalının təxminən 15 faiz azalacağını bildirib.
Samir


