Aİ-də "Drujba" neft kəmərinin təmiri ilə bağlı fikir ayrılıqları yaranıb - "Euractiv"

DÜNYA
17:10 / 31.03.2026
43

Avropa İttifaqı ölkələrinin paytaxtlarında və Brüsseldə Ukraynanın “Drujba” neft kəmərinin yoxlanışına dair AB missiyasına icazə verməməsi narazılıq və fikir ayrılığı yaradıb. 

HİT.az xəbər verir ki, bu barədə “Euractiv” nəşri diplomatik mənbələrə istinadən yazır.

Nəşr qeyd edir ki, diplomatik dairələrdə bu addım “anlaşılmaz”, “qəribə” və “müəmma” kimi qiymətləndirilib.

Aİ-nin yoxlama qrupu artıq bir neçə həftədir Ukraynada olsa da, kəmərə son hücumun baş verdiyi əraziyə baxış üçün icazə gözləyir. Hələlik bu icazənin verilmədiyi bildirilir.

Aİ diplomatlarından biri anonimlik şərti ilə bildirib ki, əgər "Drujba" blokadası aradan qaldırılsa, bütün tərəflər qazanacaq. Onun sözlərinə görə, hazırkı vəziyyət çıxılmaz bir düyün yaradır: bir tərəfdən Aİ Rusiyaya qarşı yeni sanksiyalar hazırlayır, digər tərəfdən Macarıstan və Slovakiya hələ də bu kəmərdən asılıdır.

Diplomat əlavə edib ki, vəziyyəti aydınlaşdırmağın yeganə yolu obyektə yerində baxış keçirməkdir.

Ukrayna prezidenti Volodimir Zelenski isə daha əvvəl “Drujba” kəmərinin təmir olunmasını istəmədiyini bildirib. Bəzi Aİ diplomatları bu mövqeni anlayışla qarşıladıqlarını qeyd ediblər.

Digər diplomat isə alternativ enerji marşrutlarının mövcud olduğunu vurğulayıb və Rusiyadan neft asılılığının mərhələli şəkildə azaldılmasının vacibliyini deyib.

Bununla belə, bəzi diplomatlar vəziyyəti absurd adlandıraraq Ukraynanın müharibə şəraitində olduğunu xatırladıblar.

Xatırladılır ki, 27 yanvarda Rusiya hücumu səbəbilə “Drujba” kəməri ilə Macarıstan və Slovakiyaya neft tranziti dayandırılıb. Bundan sonra hər iki ölkə Ukraynaya qarşı addımlar atıb və enerji sahəsində qarşılıqlı məhdudiyyətlər tətbiq olunub.

Samir
 

0