İrandakı müharibə dünya iqtisadiyyatına TƏSİR EDİR

İQTİSADİYYAT
11:55 / 01.04.2026
124

ABŞ, İsrail və İran arasında hərbi gərginlik davam edir. 

Artıq sözügedən müharibədə 1 ay geridə qalıb. Həm Hörmüz boğazının bağlanması, həm də davam edən müharibə bir çox sahələrə olduğu kimi dünya iqtisadiyyatına təsir edir. Hətta bu təsir iqtisadiyyatda özünü daha qabarıq şəkildə göstərir.

İqtisadçı ekspert Xalid Kərimli Hit.az-a açıqlamasında bildirib ki, müharibənin uzanmasının ən böyük təsiri birbaşa tərəf ölkələrin üzərinə düşür:
 
“Çünki onların infrastrukturu dağılır. Həmçinin, mövcud vəziyyət qlobal miqyasda da ciddi təsirlər yaradır. Belə ki, enerji qiymətlərinin artması bütün məhsulların maya dəyərinə təsir göstərir. Hansı ölkə olmasından asılı olmayaraq, enerji qiymətlərinin yüksəlməsi inflyasiyanın artmasına səbəb olur”.

395490

Ekspert qeyd edib ki, yaranmış vəziyyət daşıma və logistika xərclərinə də təsirsiz ötüşmür:

“Məlumdur ki, Şərqlə ticarətdə Azərbaycan üçün ən əlverişli marşrutlardan biri İran üzərindən keçirdi. Eyni zamanda, gübrə qiymətlərində artım müşahidə olunur ki, bu da kənd təsərrüfatına mənfi təsir edir. Nəticədə, bundan ən çox kasıb ölkələr zərər çəkir. Bundan başqa, Bəndər-Abbas limanının bağlı qalması və körfəzdə yaranan problemlər alternativ marşrutlara keçidi zəruri edir. Bu isə əlavə xərclər və qiymət artımı ilə nəticələnir. Ənənəvi marşrutların dəyişməsi qlobal bahalaşmanı daha da sürətləndirir. İstənilən halda, yaranmış vəziyyətin dünya üçün ən böyük təhlükəsi məhz qiymət artımıdır”.

Günel Cəlilova

0