Sovet “Tayfun” sinfinə aid (layihə 941 “Akula”) sualtı qayıqları tarixə indiyədək inşa edilmiş ən böyük sualtı gəmilər kimi düşüb. Onlar Soyuq müharibənin qızğın dövründə SSRİ-nin ABŞ-ın “Ohio” sinifli raketdaşıyanlarına cavabı olaraq hazırlanmışdı.
HİT.az xəbər verir ki, bu barədə “19FortyFive” yazır.
Bu nəhəng sualtı gəmilər 48 min tona qədər suya batma yerdəyişməsi və təxminən 175 metr uzunluğu ilə iki futbol meydançasına bərabər ölçüyə malik idi. Ümumilikdə altı belə sualtı qayıq inşa olunmuşdu.
“Tayfun”ların unikal konstruksiyası katamaran tipinə bənzəyirdi: içəridə bir neçə hermetik gövdə yerləşdirilmişdi. Bu, ekipajın yaşama qabiliyyətini artırırdı — bir bölmə zədələndikdə digərləri təhlükəsiz qalırdı.
Əsas silahlanma 20 ədəd R-39 ballistik raketdən ibarət idi və hər biri 10 nüvə başlığı daşıya bilirdi. Beləliklə, bir sualtı qayıq 200-ə qədər döyüş başlığı buraxa bilirdi və bunu Arktika buzlarının altında gizlənərək həyata keçirə bilirdi.
Güclü silahlanmadan əlavə, “Tayfun”lar ekipaj üçün qeyri-adi komfortla seçilirdi: göyərtədə sauna, idman zalı və hətta hovuz mövcud idi.
Seriyanın ən məşhur gəmisi “Dmitri Donskoy” sualtı kreyseri idi. O, 1970-ci illərdə inşa olunub, 2023-cü ildə isə istismardan çıxarılıb və bu, “Tayfun” erasının sonunu simvolizə edib.
Bu sualtı qayıqlar “Qırmızı Oktyabra Ov” romanı və filminə görə də geniş tanınıb.
Böyük imkanlarına baxmayaraq, layihə çox baha və texniki baxımdan çətin idi. SSRİ-nin dağılmasından sonra və raketlərin köhnəlməsi ilə bu sinif qayıqlar tədricən istifadədən çıxarıldı.
Onları daha kompakt və müasir “Borey” sinifli sualtı qayıqlar əvəz etdi və bu gün də Rusiya dəniz nüvə qüvvələrinin əsasını təşkil edir.
Samir


