Elmi fantastikadan götürülmüş kimi görünən, gecə vaxtı gün işığını Yerə gətirmək ideyası yenidən gündəmə gəlib. Bu dəfə bu konsepsiya dünya üzrə mübahisələr doğuran iddialı kommersiya layihəsi kimi təqdim olunur. ABŞ-da bir şirkət orbitdə yerləşdiriləcək nəhəng güzgülər vasitəsilə “sifarişlə günəş işığı”nı pullu xidmət kimi təklif etməyi planlaşdırır.
HİT.az xəbər verir ki, bu barədə “Ziare” yazır. Lakin bu futuristik ideyanın kökləri daha qədim dövrə gedib çıxır və bu tarix, gözlənilmədən, Sibiu şəhərindən olan bir vizioner ilə başlayır.
Kosmosdan Günəş işığını Yerə əks etdirmək ideyası yeni deyil. Bəzi mənbələrə, o cümlədən BBC-nin sənədləşdirdiyi məlumatlara görə, bu fikir hələ 1923-cü ildə Sibiu şəhərindən olan alim Herman Oberth tərəfindən irəli sürülüb. O, müasir raket texnologiyasının pionerlərindən biri sayılır. “Planetlərarası kosmosda raket” adlı əsərində o, orbitdə yerləşdirilmiş nəhəng güzgülər vasitəsilə Günəş işığının Yer səthində müəyyən ərazilərə yönəldilə biləcəyini təsvir edib. Bu, xüsusilə xilasetmə əməliyyatları və ya fəlakətlərin qarşısının alınması üçün nəzərdə tutulmuşdu.
Onilliklər ərzində bu ideya müxtəlif dövrlərdə yenidən gündəmə gəlib, o cümlədən Soyuq müharibə zamanı və 1990-cı illərdə Rusiyanın “Znamya” proqramı kimi eksperimental layihələrdə sınaqdan keçirilib. Bu layihə məhdud miqyasda olsa da, kosmosdan əks olunan işığın Avropa üzərindən keçərək Ay işığına bənzər parlaqlıqda bir işıq ləkəsi yarada biləcəyini göstərmişdi. Bu gün isə ABŞ şirkəti həmin konsepsiyanı biznes modelinə çevirməyə çalışır.
“Reflect Orbital” adlı startap orbitə 20–50 metr diametrli təxminən 50 000 nəhəng güzgü göndərməyi planlaşdırır. Bu güzgülər Yer ətrafında halqa yaradaraq Günəş işığını gecə saatlarında konkret məkanlara yönəltməlidir.
Şirkətin təsisçisi Ben Novak ideyanı belə izah edib: “Tezliklə siz tətbiq vasitəsilə bir düyməyə basmaqla olduğunuz yerə Günəş işığı sifariş edə biləcəksiniz.” Onun sözlərinə görə, bu texnologiya xilasetmə əməliyyatları, kənd təsərrüfatı və günəş elektrik stansiyalarının səmərəliliyinin artırılması kimi sahələrdə istifadə oluna bilər. “Hərbi sahədən də böyük maraq var”, deyə Novak əlavə edib.
Planlara görə, xidmət kifayət qədər baha olacaq — Ay işığına bənzər intensivlikdə işıq şüası üçün saatda təxminən 5 000 dollar. Şirkət artıq təxminən 25 milyon avro investisiya cəlb edib və lazımi icazələr alınarsa, bu il ilk sınaq peykini orbitə göndərməyi planlaşdırır.
Texniki baxımdan layihə qeyri-mümkün sayılmır. Aerokosmik mühəndis Onur Çelik bildirib: “Əgər Günəş və Yer arasında düzgün bucaq altında yerləşdirilmiş güzgülər varsa, Günəş işığını əks etdirmək mümkündür. Konsepsiya kifayət qədər cəlbedicidir".
Lakin elmi ictimaiyyətin reaksiyası daha çox ehtiyatlıdır.
Astronomlar bu sistemin işıq çirklənməsini ciddi şəkildə artıraraq səma müşahidələrinə və kainatın öyrənilməsinə mane ola biləcəyini bildirirlər. Eyni zamanda ekoloqlar ekosistemlərə mümkün təsirlərdən narahatdırlar. Niderland Ekologiya İnstitutunun tədqiqatçısı Kamil Spulstra “Nos” nəşrinə istinadən bildirib ki, bir çox canlı növü orientasiya və yaşamaq üçün qaranlığa bağlıdır: “Bu, gündüz və gecə ritminə ciddi pozuntular yarada bilər. Əlavə işıq mənbəyi yaranarsa, quşlar istiqaməti səhv sala bilər.”
Bundan əlavə, layihənin iqtisadi səmərəliliyi də sual altındadır. Tədqiqatlar göstərir ki, gecə vaxtı günəş panellərinin əlavə işıqlandırılması məhdud fayda verə bilər, halbuki batareyalarda enerji saxlama kimi alternativlər artıq daha effektiv hesab olunur.
Samir


