NATO-nun Ankara sammitinə cəmi üç ay qalıb və alyansın parçalanma həddinə yaxın olduğu görünür. ABŞ prezidenti Donald Tramp və komandası müttəfiqlərin “özləri üçün döyüşməyi öyrənməli olduğunu” bildirir, həmçinin Yaxın Şərqdəki müharibə bitdikdən sonra ABŞ üçün NATO-nun dəyərinin yenidən nəzərdən keçiriləcəyini deyirlər. Lakin Avropanın ABŞ-dan asılılığı qarşılıqlı xarakter daşıyır və avropalıların da öz “kozırları” var.
HİT.az xəbər verir ki, bunu "The Times"ım şərhçisi Edvard Lukas yazıb.
Lukasın yazdığına görə, Avropadakı ABŞ hərbi mövcudluğu Vaşinqtonu bir sıra təhlükələrdən qoruyan daha geniş sistemin bir hissəsidir: təkcə Rusiyanın nüvə silahından deyil, həm də Arktikada Çinin artan təsirindən, Şimali Koreyanın ballistik raket potensialından, eləcə də Yaxın Şərq və Afrikada antiterror əməliyyatlarından.
Onun fikrincə, Avropa ABŞ-dan çox asılı olsa da — bu asılılığın tam əvəzlənməsi təxminən 1 trilyon dollara və 10 ilə başa gələr — bu asılılıq ikitərəfli xarakter daşıyır: "Trampın Ukraynaya tətbiq etdiyi yanlış metaforadan istifadə etsək, avropalıların da kozırları var".
ABŞ-ın 15 Avropa ölkəsində 270-dən çox hərbi obyekti var. Bunlara Almaniyanın Landshut şəhərindəki ən böyük ABŞ hərbi hospitalından tutmuş, Şimali Atlantikada Qrenlandiya, İslandiya və Britaniya adaları arasından yaxınlaşan Rusiya (və ehtimal ki Çin) sualtı qayıqlarını aşkar edən gizli sistemlərə qədər müxtəlif obyektlər daxildir.
Mövcud razılaşmalara görə, ABŞ hərbçiləri bu ölkələrdə ya pulsuz yerləşdirilib, ya da bəzi hallarda Avropa hökumətləri tərəfindən maliyyələşdirilir. Üstəlik, Avropada yerləşən 80 000-dən çox hərbçi və mülki şəxs bir çox vergilərdən azaddır.
Bu bazalar yerli iqtisadiyyata müəyyən fayda versə də, xərclənən pulların böyük hissəsi yenə ABŞ podratçılarına qayıdır. Bununla belə, bu obyektlərin yerləşdiyi ərazilərin strateji dəyəri çox yüksəkdir. Məsələn, britaniyalı müdafiə eksperti Frensis Tussa hesab edir ki, Almaniyadakı Ramşteyn aviabazası ABŞ qoşunları çıxsa, Alman vergi ödəyicilərinə 5 milyard funtdan çox gəlir gətirə bilər.
Lukasın fikrincə, əsas məsələ Avropanın birliyidir: “Tramp da Putin kimi "parçala və hökm sür" prinsipi ilə hərəkət edir. Amma əgər bütün Avropa birlikdə davranarsa, hətta "Böyük Qardaş’ belə geri addım atmalı olacaq".
Tramp daha əvvəl Avropa ölkələrini sərt tənqid edərək ABŞ-ın hərbi dəstəyini şübhə altına almışdı: "Özünüz döyüşməyi öyrənin! ABŞ artıq sizə kömək etməyəcək… Biz İranı faktiki məhv etdik. Öz neftinizi çıxarın!".
Samir

