Avstraliyada arxeoloqlar yerli sakinlərə məxsus, bir neçə yüz il yaşı olan qayaüstü rəsmlər aşkar ediblər. Bu rəsmlərdə tasmaniya şeytanları və hazırda nəsli kəsilmiş tasmaniya pələngi təsvir olunub.
HİT.az xəbər verir ki, bu barədə "Live Science" yazır.
Əldə olunan nəticələr tasmaniya pələnginin materik Avstraliyada əvvəl güman ediləndən daha uzun müddət yaşadığını ehtimal etməyə əsas verir.
Alimlərin açıqlamasına görə, Avstraliyanın şimalında yerləşən Arnhem Land bölgəsində tasmaniya pələnginə (Thylacinus cynocephalus) aid təxminən 14 yeni qayaüstü təsvir və iki tasmaniya şeytanı təsviri aşkar edilib.
Arnhem Land yerli icmalar tərəfindən idarə olunur və təxminən 16 min əhalisi olan bu ərazi aşağı əhali sıxlığı və yaxşı qorunmuş təbii mühiti ilə seçilir.
Hesab olunur ki, tasmaniya pələngi materik Avstraliyada təxminən 3000 il əvvəl yox olub. Lakin bu növ Tasmaniya adasında 1936-cı ilə qədər yaşayıb – son qeydə alınmış fərd həmin il zooparkda ölüb.
Bəzi iddialara görə, bu növ hələ də Tasmaniyada mövcuddur, lakin bu məlumatlar təsdiqlənməyib. Tasmaniya şeytanı isə materikdə artıq yox olsa da, Tasmaniya adasında yaşayır. Keçmişdə o da Arnhem Land bölgəsində mövcud olub.
"Archaeology in Oceania" jurnalında dərc olunan yeni araşdırmaya görə, tasmaniya pələngi materikdə təxminən daha 1000 il yaşaya bilərdi.
“Yeni sənədləşdirilmiş rəsmlər – bəziləri 1000 ildən daha gənc ola bilər – göstərir ki, bu növlər şimal bölgələrdə əvvəl düşünüləndən daha uzun müddət sağ qalıb”, deyə alimlər bildiriblər.
Qeyd olunur ki, tasmaniya şeytanının təsvirlərindən biri 2023-cü ildə insanlar və digər heyvan fiqurları ilə birlikdə qaya səthində aşkarlanıb. Bu təsvirin uzunluğu 0,4 metrdir və üzərində yayın balığı (Tandanus tandanus) çəkilib. Heyvanın bədəni qısa və möhkəm, başı isə “aydın bığları” ilə təsvir olunub, arxa ayaqları isə itə bənzəyir.
Digər təsvir daha böyükdür – 0,6 metr uzunluğunda və açıq ağızlı, iti dişləri görünən formada çəkilib. Ayaqlarında balıq təsviri də yer alıb.
Tasmaniya pələnginin təsvirləri isə zolaqlı, yuvarlaq qulaqlı və uzun burunlu, itə bənzər heyvanı göstərir. Ən böyük təsvirin uzunluğu 1,4 metrə çatır. Bəzi rəsmlərdə zolaqlar aydın çəkilsə də, digərlərində bu detallara yer verilməyib. Bu isə qədim rəssamların hər zaman bütün detalları göstərmədiyini göstərir.
Tədqiqatçılar qeyd edirlər ki, bəzi rəsmlər ağ piqment – kaolin (boru gil) ilə çəkilib. Bu material digər boyalar, məsələn, qırmızı oxra ilə müqayisədə daha tez silinir. Bu isə belə bir sual yaradır: bu rəsmləri yaradan insanlar daha gec dövrdə yaşayıb və həqiqətən tasmaniya pələnglərini görə bilərdimi?
Tədqiqatın aparıcı müəllifi, Avstraliyadakı Qriffit Universitetinin professoru Pol Takon bildirib:
“Daha gec dövrə aid rəsmləri çəkənlər bəlkə də canlı tasmaniya pələnglərini görüblər və bu heyvanlar Arnhem Land-də daha uzun müddət yaşayıb. Digər ehtimala görə isə, rəssamlar daha qədim təsvirlərdən ilham alıblar”.
Araşdırmadan əvvəl materik Avstraliyada tasmaniya pələnginə aid təxminən 150, tasmaniya şeytanına aid isə 23 qayaüstü təsvir məlum idi.
“Rəsmlərin sayındakı fərq göstərir ki, tilasinlər materikdə daha geniş yayılıb və daha böyük mədəni əhəmiyyətə malik olub”, deyə tədqiqatçılar qeyd ediblər.
Alimlər həmçinin aborigen icmaları ilə əməkdaşlıq edərək bu heyvanların onların əcdadları üçün nə ifadə etdiyini öyrənməyə çalışırlar.
“Aborigenlərin şifahi ənənələrinə görə, tasmaniya pələngləri Göy qurşağı ilanının himayəsində olub və sahil sularında yaşayırdı”, deyə arxeoloqlar bildiriblər.
Qeyd olunur ki, göy qurşağı ruhları aborigen inanclarında dünyanın yaranması və yağışla əlaqələndirilən ilahi varlıqlardır.
“Tilasin Arnhem Land-in qərb hissəsində yalnız keçmişin xatirəsi kimi deyil, bu gün də əhəmiyyətli varlıq kimi yaşayır”, deyə alimlər vurğulayıblar.
Samir




