Kanada Böyük Britaniya, İtaliya və Yaponiya tərəfindən yaradılan altıncı nəsil “Tempest” qırıcı təyyarə proqramına müşahidəçi statusunda qoşulacaq.
HİT.az xəbər verir ki, bu barədə “Defense Express” məlumat yayıb.
Bildirilir ki, məsələ mart ayının əvvəlində Yaponiya və Kanada müdafiə nazirlərinin görüşü zamanı müzakirə olunub və çox güman ki, Ottava bu istiqamətdə “yaşıl işıq” alıb. Hazırda Böyük Britaniya və İtaliya Kanadanın proqrama qoşulmasının rəsmi elanına hazırlıq məqsədilə müdafiə nazirlərinin görüşlərini planlaşdırır. Görüşün 2026-cı ilin iyulunda baş tutması gözlənilir.
Müşahidəçi statusu Kanadaya müəyyən texniki sənədlərə çıxış imkanı verir və gələcəkdə təyyarələri almaq hüququ yarada bilər, lakin hazırda bu status birbaşa inkişaf prosesində iştirak etməyə imkan vermir. Bununla belə, zamanla tamhüquqlu iştiraka çevrilməsi mümkündür.
“Defense Express” qeyd edir ki, Kanadanın “GCAP” proqramına (qırıcı təyyarənin yaradılması layihəsi) qoşulması strateji addım hesab olunur. Yeni nəsil qırıcının istismara verilməsinin 2035-ci ildən tez gözlənilmədiyi bildirilir. Layihənin dəyəri milyardlarla avro ilə ölçülür: məsələn, İtaliyanın payı 18,6 milyard avrodur.
Lakin burada əsas amil təkcə maliyyə deyil, siyasi qərardır. Kanada 1946-cı ildən bəri yalnız ABŞ istehsalı olan qırıcılarla silahlanıb. Ottava indiyədək F-86 Sabre (CL-13), F-104 Starfighter (CF-104), F-101 Voodoo (CF-101) və hazırda xidmətdə olan 95 ədəd F/A-18 Hornet (CF-18) təyyarələrindən istifadə edib. Onların əvəzlənməsi üçün 2023-cü ildə 88 ədəd F-35 sifariş edilib.
Analitiklərin fikrincə, ABŞ prezidenti Donald Trampın Kanadanı 51-ci ştat etmək barədə hədələri fonunda belə Ottava artıq sifariş edilmiş F-35-lərin maliyyələşdirilməsini davam etdirir. Ümumilikdə Kanada ən azı 30 ədəd F-35 əldə etməlidir. Lakin əgər Ottava həqiqətən “Tempest” proqramına qoşularsa, 2040-cı illərdən etibarən əsas qırıcı parkı məhz bu model ola bilər və bu, həm F-35, həm də gələcək “F-47” layihəsinin rolunu azalda bilər.
Xatırladaq ki, daha əvvəl iki Avropa ölkəsinin ABŞ istehsalı olan “Patriot” hava hücumundan müdafiə sistemlərindən imtina etməyi planlaşdırdığı bildirilmişdi. İsveçrə “Patriot” müqaviləsini ləğv etmə variantını nəzərdən keçirir və qərarın iyun ayında verilə biləcəyi qeyd olunur. Eyni zamanda Polşa da ABŞ-dan raket tədarükü ilə bağlı narahatlıqlar fonunda “Patriot” sistemlərindən imtina edib Fransanın “SAMP/T” sistemlərinə üstünlük verə bilər. Hazırda bu məlumatlar rəsmi təsdiqlənməyib, lakin Vaşinqtonun silah tədarükünü siyasi təzyiq aləti kimi istifadə etməsi ehtimalı bu müzakirələri gücləndirir.
Samir


