2019-cu ildə avstraliyalı tədqiqatçılar canlı orqanizmlərin nəcib metallarla qarşılıqlı təsiri barədə qəbul olunmuş anlayışları dəyişdirən bir kəşfə imza atıblar.
HİT.az xəbər verir ki, “Daily Galaxy” nəşrinin yazdığına görə, adi torpaq göbələyi “Fusarium oxysporum” qızıl ilə qarşılıqlı təsir göstərmək və hətta onu öz səthində “örtük” kimi toplamaq qabiliyyəti nümayiş etdirib.
Alimlər izah edirlər ki, qızıl adətən kimyəvi cəhətdən inert element sayılır və canlı orqanizmlərlə demək olar ki, reaksiyaya girmir. Bu xüsusiyyət onun dəyərinin əsas səbəblərindən biridir. Buna görə də qızılı “həzm edən” bir göbələyin aşkarlanması elmi ictimaiyyətdə böyük təəccüb doğurub. Tədqiqatçılara görə, göbələk ətraf mühitdəki qızıl hissəciklərini oksidləşdirə bilir, onları həll edir və daha sonra öz səthində bərk hissəciklər kimi yenidən çökdürür.
Tədqiqatın rəhbəri doktor Çin Bohu bu davranışı qızılın kimyəvi passivliyi nəzərə alınmaqla “qeyri-adi və qəribə” kimi xarakterizə edib. Alimlərin sözlərinə görə, bu proses nəticəsində göbələk inert metaldan bioloji baxımdan istifadə edilə bilən resurs yaradır.
Tədqiqat həmçinin göstərib ki, qızıl ilə örtülmüş göbələklər daha sürətli inkişaf edir və daha böyük ölçülərə çatır. Bu, onların digər göbələklərlə müqayisədə üstünlük əldə etməsinə səbəb olur. Alimlər bu hadisəni Yer səthində qızılın bioloji dövranında göbələklərin rol oynaya biləcəyinə dair ilk sübutlardan biri kimi qiymətləndirirlər.
Kəşf Qərbi Avstraliyanın Boddinqton bölgəsində, qızıl yataqları ilə zəngin ərazidə edilib. “Fusarium oxysporum” göbələyi isə dünyada geniş yayılıb və müxtəlif torpaqlarda rast gəlinir. Onun bəzi ştamları bitkilər üçün zərərsiz və ya faydalı olsa da, digərləri kənd təsərrüfatı bitkilərində ciddi xəstəliklərə səbəb ola bilir.
Son illərdə bu kəşfə maraq təkcə fundamental elmlə məhdudlaşmayıb. Mədən şirkətləri göbələyin təbii indikator kimi istifadə olunması ehtimalını araşdırır. Torpaqda xüsusi ştamların aşkarlanması potensial qızıl yataqlarının müəyyən edilməsinə kömək edə bilər və bu, kəşfiyyat qazmalarının həcmini azaldaraq xərcləri və ətraf mühitə ziyanı minimuma endirə bilər.
Eyni zamanda daha futuristik ideyalar da müzakirə olunur. Bunlara kosmik mədənçilikdə mikroorqanizmlərin istifadəsi və “metabolik mineraloji” konsepsiyası daxildir. Lakin bu yanaşmalar hələlik yalnız nəzəri səviyyədə qalır.
Alimlər həmçinin xəbərdarlıq edirlər ki, “Fusarium oxysporum”un bəzi ştamları bitkilər üçün təhlükəli patogen ola bilər və kənd təsərrüfatına ciddi ziyan vura bilər. Buna görə də hər hansı praktik tətbiq ciddi nəzarət və ekoloji təhlükəsizlik tədbirləri tələb edəcək.
Samir


