Serbiya Ukraynanın Macarıstandakı qaz kəmərində sabotajda iştirakını təkzib edir

DÜNYA
15:03 / 06.04.2026
44

Serbiya Macarıstana gedən magistral qaz kəmərində baş vermiş diversiya cəhdində “Ukrayna izi” ilə bağlı heç bir sübut tapmayıb. 

HİT.az xəbər verir ki, bu barədə Hərbi Təhlükəsizlik Agentliyinin (VBA) rəhbəri Duro Yovaniç “Kurir”ə istinadən bildirib.

“Dezinformasiya belə bir təəssürat yaradır ki, Serbiya ordusu və onun şəxsi heyəti üçüncü tərəfin maraqları üçün işləyərək Ukrayna mənşəli partlayıcılar tapır və buna görə Ukraynanı ittiham edir. Bu, doğru deyil. Partlayıcıların istehsalçısı onların icraçı və ya təşkilatçı olduğunu göstərmir”, deyə o bildirib.

Yovaniç əlavə edib ki, partlayıcı üzərindəki işarələr onun ABŞ-da istehsal edildiyini göstərir. Lakin bu faktın Vaşinqtonun əməliyyatda iştirakı anlamına gəlmədiyini də vurğulayıb.

“İndi kimsə deyəcək ki, bu, ABŞ üçün sərfəlidir? Serbiya ordusu ciddi institutdur və verilən bütün tapşırıqları yerinə yetirəcək. Serbiya ordusu nə öz ölkəsinin, nə də başqa ölkələrin siyasi proseslərinə qarışmır”, deyə o əlavə edib.

Daha əvvəl məlum olmuşdu ki, Serbiya ilə Macarıstanı birləşdirən qaz kəmərində partlayıcı aşkarlanıb. Bundan sonra Serbiya prezidenti Aleksandar Vuçiç bunu “geosiyasi oyunlar” adlandıraraq günahkarların ən sərt şəkildə cəzalandırılacağını bildirmişdi.

Eyni zamanda Vuçiç Macarıstan baş naziri Viktor Orbanla telefon danışığı aparıb. Macarıstan xarici işlər naziri Peter Siyarto isə hadisənin “Türk axını” qaz kəmərinə qarşı təxribat planının tərkib hissəsi ola biləcəyini deyib və Ukraynanı Rusiyaya aid “Türk axını” infrastrukturuna əvvəlki hücumlarda ittiham edib.

Samir
 

0