CNN: ABŞ iqtisadiyyatı Hörmüz boğazından Trampın etiraf etdiyindən daha çox asılıdır

DÜNYA
18:00 / 06.04.2026
45

ABŞ üçün Hörmüz boğazı Prezident Donald Trampın iddia etdiyindən daha böyük əhəmiyyət daşıyır. 

HİT.az xəbər verir ki, bu barədə "CNN" üçün yazdığı məqalədə jurnalist Devid Qoldman bildirib.

Onun sözlərinə görə, ABŞ iqtisadiyyatının vəziyyəti birbaşa bu boğazdan asılıdır. Qoldman vurğulayıb ki, ABŞ hələ də gündə 6 milyon bareldən çox xam neft idxal edir ki, bu da ümumi istehlakın təxminən üçdə birini təşkil edir.

“Bütün neft eyni deyil: ABŞ əsasən yüngül və az kükürdlü neft hasil edir. Bu, benzin istehsalı üçün uyğundur, lakin mazut, asfalt və dizel kimi daha ağır məhsullar üçün o qədər də yararlı deyil. Buna görə də ABŞ daha ağır və yüksək kükürdlü neft hasil edən ölkələrdən – o cümlədən Venesuela və Yaxın Şərq dövlətlərindən idxala ehtiyac duyur”, – deyə o yazıb.

Jurnalist həmçinin qeyd edib ki, neft bazarı qlobal xarakter daşıyır və bir regionda təklifin azalması digər regionlara da təsir göstərir. "Pickering Energy Partner" şirkətinin təsisçisi və baş investisiya direktoru Den Pikering bildirib ki, belə böhranlar zamanı idxalçılar “mövcud olan hər barel” üçün rəqabət aparır və bu da qiymətlərin artmasına səbəb olur.

Qoldman əlavə edib ki, ABŞ da qlobal neft bazarındakı qiymət şoklarından sığortalanmayıb. Artıq ölkədə benzin qiymətləri artıb və bu artım iqtisadiyyata mənfi təsir göstərir.

“Orta və aşağı gəlirli bir çox amerikalı onsuz da yüksək qiymətlərdən yorulub və bahalaşma onların vəziyyətini daha da çətinləşdirir. Qiymətləri artırmaq imkanı olmayan bəzi kiçik müəssisələr isə işçi sayını azaltmaq kimi çətin qərarlar verməyə məcbur qalır”, – deyə o qeyd edib.

Onun fikrincə, ən böyük narahatlıq yüksək neft qiymətlərinin benzinə və yanacağa tələbatı azaltması və bunun iqtisadiyyat üçün ciddi problemlər yaratmasıdır.

Aprelin əvvəlində Donald Tramp bildirib ki, ABŞ Hörmüz boğazı vasitəsilə demək olar neft idxal etmir və gələcəkdə də etməyəcək. O, həmçinin qeyd edib ki, Fars körfəzi ölkələrindən neft ala bilməyən dövlətlər enerji resurslarını ABŞ-dan əldə edə bilər. Aprelin 3-də Tramp yaxın zamanda ABŞ-ın Hörmüz boğazını asanlıqla açaraq “nefti götürə biləcəyini” də iddia edib.

Aprelin 6-da isə məlumat yayılıb ki, İran son 24 saat ərzində bloklanmış Hörmüz boğazından 15 gəminin keçidinə icazə verib.

Aprelin 5-də İran prezident ofisinin əlaqələr üzrə müavini Seyid Mehdi Təbatəbai bildirib ki, Tehran yalnız hərbi kompensasiyalar ödəniləcəyi halda Hörmüz boğazını tam açmağa hazırdır.

Samir

0