Almaniyada gənclər arasında yeni qanun geniş etirazlara səbəb olub.
HİT.az "Independent" nəşrinə istinadən xəbər verir ki, qanuna görə 17–45 yaş arası kişilər xaricə uzunmüddətli səfərlər üçün Bundesverdən icazə almalı olacaqlar.
Nəşrin məlumatına görə, 1 yanvar tarixində qüvvəyə minən hərbi xidmətin modernləşdirilməsi haqqında qanunda belə bir bənd yer alıb. Buna əsasən, üç aydan uzun müddətə xaricə getmək istəyən vətəndaşlar Almaniya silahlı qüvvələrindən icazə almalıdır.
Qeyd olunur ki, bu qərar xüsusilə gənclər arasında ciddi narazılıq yaradıb. Tənqidçilərin fikrincə, bu qayda xaricdə təhsil, iş, akademik məzuniyyət və ya səyahət planlayan milyonlarla insanı təsir altına sala bilər.
"Independent" yazır ki, Almaniya son dövrlərdə hərbi potensialını gücləndirir və Rusiyadan gələn “təhdidlər” və NATO-nun gələcəyi ilə bağlı qeyri-müəyyənlik fonunda silahlı qüvvələri genişləndirməyi planlaşdırır. Yeni qaydanın məqsədinin fövqəladə vəziyyət və ya müharibə zamanı səfərbərliyi asanlaşdırmaq və çağırış yaşında olan kişilərin hərəkətini izləmək olduğu bildirilir.
"Berliner Zeitung" isə yazır ki, uzunmüddətli xarici səfərlər üçün icazə artıq Bundesverin karyera mərkəzi vasitəsilə alınmalıdır və bu qayda bütün növ səfərlərə – təhsil, iş və turizm daxil – şamil edilir.
"Sarah Vaqenknext İttifaqı – Ağıl və Ədalət Naminə" partiyasının rəhbəri Sara Vaqenknext bu dəyişikliklərin məcburi səfərbərliyə yol aça biləcəyini bildirib.
Samir


