ABŞ-ın neçə ədəd "Black Hawk" helikopteri var?

DÜNYA
17:07 / 07.04.2026
43

Amerika Birləşmiş Ştatları ordusu müxtəlif münaqişələrdə “UH-60 Black Hawk” helikopterlərindən dəfələrlə istifadə edib. Xüsusilə İraq və Əfqanıstandakı əməliyyatlarda bu helikopterlər ön plana çıxıb və aktiv dövrlərdə amerikalılar 2 mindən çox belə “quş”u istismar ediblər.

HİT.az xəbər verir ki, "Wion" resursunun məlumatına görə, bu böyük helikopter parkı qoşunların misilsiz hərəkətliliyini və çoxsaylı aktiv döyüş bölgələrində tibbi təxliyə imkanlarını təmin edib. Son günlər isə ABŞ “Black Hawk” parkının aktiv xidmətdə olan hissəsini təxminən 7,5 faiz azaltmaq niyyətini açıqlayıb.

“Bu düşünülmüş azalma ön cəbhədə istifadə olunan təxminən 157 köhnə Alpha və Lima modelinin birdəfəlik istismardan çıxarılmasını nəzərdə tutur. Bu addımlardan sonra ABŞ ordusunun ümumi “Black Hawk” helikopter parkı rəsmi olaraq 1 978 ədədə enəcək”, deyə materialda qeyd olunur.

Qeyd edilir ki, bu helikopterlərin istismardan çıxarılması təkcə artıq ehtiyatların azaldılması deyil, həm də maliyyə baxımından mühüm addımdır. Bu qərar gələcəkdə “Future Long-Range Assault Aircraft” (FLRAA) proqramına vəsait yönəltmək üçün imkan yaradacaq. Həmin proqram 2030-cu illərin əvvəlində “Black Hawk”ların tədricən əvəz olunmasını nəzərdə tutur.

“Bu müasir dönər qanadlı uçuş aparatları standart UH-60 platforması ilə müqayisədə xeyli daha yüksək sürətə və daha böyük uçuş məsafəsinə malik olacaq”, dseyə müəllif əlavə edir.

İstismardan çıxarılan “Black Hawk” helikopterləri nə olacaq?

Mənbənin yazdığına görə, istismardan çıxarılan helikopterlər metal kimi satılmayacaq. ABŞ onları hərbi satış və ya mübadilə proqramları vasitəsilə satmağı planlaşdırır. Hər bir helikopterdən təxminən 2 milyon dollar gəlir əldə edilməsi gözlənilir.

Hazırda ABŞ-nin sərəncamında təxminən 2 000 ədəd belə helikopter var. Bununla yanaşı, ABŞ silahlı qüvvələri yüzlərlə modifikasiya olunmuş versiyanı da istismar edir.

“Bu geniş şəbəkəyə ABŞ Hərbi Dəniz Qüvvələrinin MH-60 Seahawks parkı və döyüş axtarış-xilasetmə əməliyyatlarında istifadə olunan xüsusi HH-60 Pave Hawk hava vasitələri daxildir”, deyə materialda vurğulanır.

“Black Hawk” helikopterlərinin xüsusiyyətləri

“Black Hawk” döyüş şəraitində yer atəşinə qarşı dayanıqlı şəkildə dizayn edilib. Onun pərləri 23 mm-lik mərmilərin təsirindən sonra belə işləməyə davam edə bilir. Gücləndirilmiş gövdə isə sərt eniş zamanı heyəti qoruyur.

Helikopter iki ədəd “General Electric T700” turbin mühərriki ilə təchiz olunub. Maksimal sürəti təxminən saatda 295 kilometr, yanacaq çənləri olmadan uçuş məsafəsi isə 590 kilometrə qədərdir.

Ekipaj iki pilot və iki atıcıdan ibarətdir. Helikopter tam təchizatlı 11–12 desant əsgərini daşıya bilir. Xarici asqıda isə 4 tona qədər yük nəql etmək mümkündür.

Adətən “Black Hawk” qapı hissələrində iki ədəd M240 və ya M134 “Minigun” pulemyotu ilə təchiz olunur. Müasir versiyalar (məsələn UH-60M) isə rəqəmsal ekranlı kabinə və inkişaf etmiş gecəgörmə sistemlərinə malikdir.

Samir
 

0