Ukrayna kəşfiyyatı Rusiyanın İrana genişmiqyaslı gizli dəstək göstərdiyini bildirir. Söhbət peyk görüntülərinin ötürülməsindən və regiondakı hədəflərə zərbələrin hazırlanmasında istifadə oluna biləcək birgə kiberəməliyyatlardan gedir.
HİT.az xəbər verir ki, bu barədə “Reuters” yazır.
Kəşfiyyat məlumatlarına görə, Rusiya peykləri mart ayında Yaxın Şərqin 11 ölkəsində ən azı 24 müşahidə seriyası həyata keçirib. Bu çərçivədə 46 obyekt qeydə alınıb, o cümlədən:
* hərbi bazalar;
* hava limanları;
* neft yataqları;
* ABŞ və müttəfiqlərə məxsus obyektlər.
Hesabatda qeyd olunur ki, bu müşahidələrdən bir neçə gün sonra həmin hədəflərə İranın raketləri və dronları ilə zərbələr endirilib.
Xüsusilə Səudiyyə Ərəbistanındakı obyektlərə, o cümlədən Kral Xalid hərbi şəhərciyi ətrafına diqqət yetirildiyi bildirilir. Kəşfiyyatın məlumatına görə, burada ABŞ-ın THAAD raketdən müdafiə sistemlərinin mövqeləri araşdırıla bilərdi.
Aktivlik həmçinin Türkiyə, İordaniya, Küveyt, BƏƏ və digər ölkələrdə də qeydə alınıb. Xüsusilə dünya neft və qaz tədarükü üçün strateji əhəmiyyət daşıyan Hörmüz boğazına maraq vurğulanır.
Hesabatda qeyd edilən hadisələrdən birinə görə, Rusiya peyki 27 mart hücumundan əvvəl Şahzadə Sultan aviabazasını izləyib, daha sonra isə zərbədən sonra nəticələri qiymətləndirmək üçün yenidən həmin ərazidən keçib.
Hücum zamanı E-3 Sentry tipli təyyarənin zədələndiyi bildirilir.
Kiber cəbhə: birgə haker hücumları
Kəşfiyyat məlumatlarına görə, Moskva Tehrana təkcə kəşfiyyat deyil, həm də kiber sahədə dəstək verir. Telegram vasitəsilə Rusiya və İran haker qrupları arasında koordinasiya olduğu iddia edilir. Bu qruplara Z-Pentest Alliance, NoName057(16), DDoSia Project və Handala Hack kimi qruplar daxildir.
Onların hədəfləri enerji və telekommunikasiya şirkətləri, həmçinin xüsusilə İsraildə yerləşən kritik infrastruktur obyektləri olub.
Siyasi reaksiya
ABŞ tərəfi bildirib ki, bu iddialar təsdiqlənsə belə, onların hərbi effektivliyinə ciddi təsir göstərmir. Rəsmi Tehran və Moskva isə bu ittihamlara açıq reaksiya verməyib.
Məsələ G7 görüşündə də qaldırılıb və müttəfiqlər Rusiyanın mümkün rolunu müzakirə ediblər.
Samir


