“ABŞ Prezidenti Donald Trampın “İranı bir gecəyə yox edərəm” tipli açıqlamaları konkret planın ifadəsi deyil”.
Bu sözləri siyasi şərhçi Elman Cəfərli Hit.az-a açıqlamasında deyib.
Lakin o bildirib ki, Trampın bu tipli siyasi güc nümayişinə, hədə-qorxusuna bütün dünya öyrəşib:
“Bəzi ekspertlər hesab edir ki, onun bu və “İranın daş dövrünə qaytaracağıq” bəyanatı ABŞ-nin, ya da İsrailin İrana taktiki nüvə bombası atacağına işarədir. Fikrimcə, Tramp bununla blef edir. Çünki İranla müharibədə taktiki nüvə silahının tətbiq olunmasına gərək yoxdur. ABŞ və İsrail yayda baş vermiş 12 günlük müharibədə və fevralın 28-dən davam edən son müharibədə hədəflərinin əksəriyyətinə nail olub. İranın nüvə təsisatları məhv edilib. Nüvə alimlərinin çoxu öldürülüb. İranın hərbi arsenalı, donanmasına əhəmiyyətli zərbələr vururlub. Bu gün İranın hava məkanı müttəfiqlərin nəzarətindədir”.
Ekspertin sözlərinə görə, İranın diz çökəcəyi gün uzaqda deyil:
“Effektli nöqtə atışları uğurla davam edərsə quru əməliyyatlarına ehtiyac olmayacaq. İranda rejim əleyhdarları ayaqlanacaq və rejim daxildən çökəcək. Yeni İran iqtidarı müharibənin davamında maraqlı olmayacaq. Müttəfiqlərin İrana qaşrı taktiki nüvə silahını tətbiq etməsi qorxulu presedent yarada bilər. ABŞ bunu etsə, Rusiya da Ukraynaya qarşı analoji addımı atar. Beynəlxalq təhlükəsizlik sistemi tam çökər və nüvə silahı olan dövlətlər özlərini quldur kimi aparmağa başlayarlar. Üstəlik, ABŞ bunu etsə Şimali Koreyanın nələr edəcəyini adam düşünmək belə istəmir”.
Həmsöhbətimiz hesab edir ki, Trampın “İranın daş dövrünə qaytaracağıq” və “İstəsəm İranı bir gecəyə yox edərəm” bəyanatları hədə ritorikasından başqa bir şey deyil:
“Ancaq bunun arxasında real addımlar da dayana bilər. Taktiki nüvə silahının tətbiqi yox, İranın neft müəssisələrinin dağıdılmasının, enerji sisteminin məhv edilməsinin nəzərdə tutulma ehtimalı da var. Müttəfiqlər İran cəmiyyətini rejimə qarşı qızışdırmaq üçün bunu edə bilər. İstənilən halda İranı və bölgəni çox pis aqibət gözləyir. Onsuz da bu müharibə, atılan bombalar, raketlər böyük bir regionun ekosistemini təhlükə altına atır”.
Elman Cəfərli onu da diqqətə çatdırıb ki, davam edən müharibə regionu ekoloji fəlakətə doğru aparır:
“Yerli icmaların təmiz hava, təmiz su, sağlam qida əldə etmək hüququ kobud şəkildə tapdalanır. Amansız və dağıdıcı müharibə davam edərsə, İran və qonşu ölkələr ekoloji fəlakət zonasına çevriləcək. Ona görə də davam edən müharibə tezliklə dayandırılmalı, tərəflər danışıqlar masasına əyləşməlidirlər”.
Elmir Mustafa



