İtaliyanın müdafiə naziri Quido Krozetto “Corriere della Sera” qəzetinə müsahibəsində Yaxın Şərqdə müharibənin ABŞ-ın qlobal liderliyini təhlükə altına qoyduğunu bildirib.
HİT.az xəbər verir ki, o, nüvə eskalasiyası riskindən narahatlığını ifadə edib və ABŞ-ın Xirosima və Naqasakiyə atom bombası atmasını xatırladıb.
“Sadəcə təsəvvür edin: məhz bizim kimi insanlar qərar verdi ki, hətta Xirosima və Naqasaki belə münaqişəni bitirmək üçün qəbul edilə bilən vasitələr idi. Təəssüf ki, biz hələ də nüvə silahına sahibik, onu olmayanlar isə onu əldə etməyə çalışır. Biz heç nə öyrənməmişik”, deyə Krozetto bildirib.
Onun sözlərinə görə, ABŞ Prezidenti Donald Trampa daha cəsarətli müşavirlər lazımdır. İtaliya müdafiə nazirinin qiymətləndirməsinə görə, Ağ Evdəki problemlərdən biri odur ki, heç kim rəhbərə qarşı çıxmağa cəsarət etmir.
28 fevralda ABŞ İsraillə birlikdə İrana qarşı hərbi əməliyyata başlayıb. Buna cavab olaraq Tehran İsrailə və Yaxın Şərqdəki ABŞ bazalarına, o cümlədən Səudiyyə Ərəbistanı, Bəhreyn, Qətər, Küveyt və BƏƏ-də yerləşən obyektlərə raket və dron zərbələri endirib. Həmçinin İranın Hörmüz boğazını bağladığı və bunun dünya neft daşımalarının təxminən 30 faizinə təsir etdiyi, eləcə də Körfəz ölkələrinin neft infrastrukturuna hücumlar edildiyi bildirilir. Bu isə neft qiymətlərini son dörd ilin ən yüksək səviyyəsinə qaldırıb.
Samir


