Ötən gün dünya nüvə müharibəsinin astanasında idi.
Belə ki, ABŞ Prezidenti Donald Tramp İranı bir gecədə məhv etməklə hədələdi. O, bütöv bir sivilizasiya məhv olacağı təhdidi ilə dünya gündəmi zəbt etdi. Axşam saatlarında isə Tehranın Xiroşimaya çevriləcəyi təhdidləri yayıldı. Hörmüz boğazının açılmayacağı təqdirdə, ABŞ-nin İranı atom bombası və ya nüvə silahı ilə vuracağı iddia olundu.
Üstəlik, B-52 helikopterinin yola düşdüyünə dair görüntülər də yayıldı. Hətta Trampın paylaşımları da sözügedən iddiaları gücləndirdi. Bu səhər yayılan məlumatlara görə, nüvə müharibəsinin baş verməməsi üçün İran Çinin təzyiqi ilə İran geri addım atdı.
Maraqlıdır, ABŞ həqiqətən İranı atom bombası və ya nüvə silahı ilə vuracaqdı? Bu, Trampın blefi deyildimi?
Mövzu ilə bağlı ehtiyatda olan polkovnik, hərbi ekspert Üzeyir Cəfərov Hit.az-a açıqlama verib.
O bildirib ki, Yaxın Şərqdə baş verənlər hər birimizi çox narahat edir:
“Dünən hamı səbirsizliklə və böyük narahatçılıqla axşam saatlarını gözləyirdi. ABŞ Prezidenti də inadkarlıq göstərərək İrana qarşı bütün mümkün versiya və variantlardan istifadə edəcəyini deyirdi. Lakin atom bombası və nüvə silahı ilə İranın vurulacağı real deyildi. Çünki başqa variantlar var idi. Şükürlər olsun ki, bu iddia baş tutmadı və Pakistanın təklifi ilə iki həftəlik atəşkəs elan olundu. Ümid edirəm ki, bu müddət ərzində tərəflər müəyyən məsələləri razılaşdırıb yoluna qoyacaqlar. Təbii ki, sülh iki həftəlik deyil, uzunmüddətli olmaldır”.
Ekspertin sözlərinə görə, atom bombası və ya nüvə silahının istifadə olunmazdı:
“Çünki bu addım Amerikanın zəifliyini göstərəcəkdi. Tramp dəfələrlə bəyan etmişdi ki, İranla məsələ həll olunub. İndi isə bu silahlardan istifadə etməsi ABŞ-nin gücsüzlüyünü etiraf etmək demək idi. Trampın paylaşımları və bəyanatları isə bu daha çox təbliğat xarakteri daşıyırdı. Açığı, daha çox populist görünürdü. Məncə, bu addımlar Trampın partiyasının nüfuzdan düşməsinin qarşısını almağına hesablanıb”.
Polkovnik Çinin təzyiqləri nəticəsində İranın geri atdığı iddiaları barədə də danışıb:
“Sözsüz ki, burada Çinin də müəyyən təsirləri və təzyiqləri olub. Bu günləri İranın eşidə biləcəyi iki dövlət varsa, onlardan biri Çin Xalq Respublikasıdır. Onlar, Çinin rəhbərliyi ilə mütəmadi məsləhətləşirlər. Ona görə də Çin bu məsələnin baş tutmasında böyük rol oynayıb.
Əslində, İran idarəçiliyində bu gün ciddi şəkildə fikir ayrılıqları mövcuddur. SEPAH bu danışıqların baş tutmaması üçün əlindən gələni edirdi. Lakin xarici işlər naziri Abbas Əraqçi SEPAH generallarını bu addımı atmağa inandıra bilib. Əks təqdirsə, İran çox ciddi infrastruktur dağıntılarına və insan itkisinə məruz qala bilərdi. Ümid edək ki, bölgədəki gərginlik tezliklə başa çatacaq və bu anlaşılmazlıqlar da bitəcək”.
Elmir Mustafa


