“İranda davam edən müharibə hamını narahat etməyə başlamışdı”.
Bu sözləri Azad Vətən Partiyasının sədri Akif Nağı Hit.az-a açıqlamasında deyib.
O bildirib ki, hamı dünən gecə nə baş verəcəyini gözləyirdi:
“Nəticədə, Pakistanın vasitəçiliyi ilə atəşkəs əldə olundu. Həmçinin, İranın Çinlə də məsləhətləşmələr apardığına dair məlumatlar yayılıb. Ümumilikdə isə hər iki tərəf Pakistanın vasitəçiliyinə həm inandı, həm də baş verə biləcək hadisənin miqyasını başa düşdü. Ona görə də tərəflər arasında iki həftəlik atəşkəs əldə olunudu. Yəqin ki, iki ölkə arasında konstruktiv müzakirə aparılacaq.
Hər iki tərəf ciddi zərərə, itkilərə məruz qaldı. Məsələn, Amerikanın ciddi iqtisadi itkiləri var. Üstəlik, ABŞ-nin nüfuzuna da ağır zərbə vuruldu. İran sona qədər müqavimət göstərdi, əhali kütləvi şəkildə meydanlarda oldu. İnsanlar hədəf alına biləcək infrastrukturların yanlarında dayandılar. İran bu yolla son varianta da əl atmış oldu”.
Ekspert qeyd edib ki, hazırda hər iki tərəf vəziyyətin gərginliyini tam şəkildə anlayır və çıxış yolunu tapmalıdırlar:
“Burada çıxış yolu üçün bir neçə variant var. Birincisi, İranın öz siyasətini yumşaltması, nüvə silahından və proksi qüvvələrdən imtina olunmasıdır. İkincisi, İrana dəyən ziyanların ödənilməsi də tələb olunur. Həmçinin, Hörmüz boğazı ilə bağlı təkliflər var.
Lakin bir-birinə daban-dabana zidd olan şərtlərdən söhbət gedir. ABŞ və İsrail qeyd-şərtsiz Hörmüz boğazının açılmasını istəyir, amma İran tərəfi sözügedən boğazında suveren hüquqlarının tanınmasını və keçən gəmilərin müəyyən rüsum ödəməsini tələb edir. Yəni kompromisə gələ biləcək və ya gələ bilməyəcək məsələlər var”.
Onun sözlərinə görə, bu müharibə hər iki tərəf üçün çox ciddi dərslər verdi:
“O dərslərdən hər iki tərəf nəticə çıxaracaq və böyük geniş qarşıdurmanın qarşısı alınacaq. Bunun üçün də o deyilən şərtlərdə kompromisin əldə olunma ehtimalı böyükdür. Bütövlükdə isə prosesin gedişatını proqnozlaşdırmaq çox çətindir. Çünki ABŞ bir iddialı tərəf kimi öz hökmünü hər yerdə yeritməyə çalışır. İran isə regionda lider dövlət statusu əldə etmək istəyir. Faktiki olaraq, bir-birinə zidd olan mövqelərin bir araya gətirilməsi çox çətin olacaq. Lakin hər halda ortaq bir variantın tapılacağına ümid etmək olar”.
Elmir Mustafa


