Okeanın altında bir km-lik qazıntı: İlk dəfə mantiyanın bütöv nümunəsini əldə edildi

DÜNYA
14:47 / 08.04.2026
48

Alimlər Yer kürəsinin dərinliklərinin tədqiqində mühüm irəliləyiş əldə ediblər: onlar Atlantik okeanının dibindən bir kilometrdən çox qazma apararaq mantiya süxurlarının tarixdə ilk dəfə ən uzun bütöv kern nümunəsini çıxarıblar. 

HİT.az xəbər verir ki, bu barədə “Econews” yazır.

Tədqiqatın nəticələri “Science” jurnalında dərc olunub. İşlər “JOIDES Resolution” elmi gəmisinin göyərtəsindən, Orta Atlantik silsiləsinə yaxın Atlantis massivi bölgəsində aparılıb. Nəticədə alimlər 1268 metr uzunluğunda kern nümunəsi qaldırmağa nail olublar. Bu, Yer mantiyasının yuxarı qatından əldə edilən indiyədək ən dərin birbaşa nümunə hesab olunur.

Mantiyanı Yer qabığı ilə nüvə arasında yerləşən, planetin kütləsinin təxminən üçdə ikisini və həcminin 80 faizindən çoxunu təşkil edən isti süxur qatı təşkil edir. Onun tərkibi uzun müddət sirr olaraq qalıb və tədqiqatçılar əsasən maqma ilə səthə çıxmış fraqmentlərə və ya okean çatlarından götürülən nümunələrə əsaslanırdılar.

Əvvəlki qazmalar maksimum 200 metr dərinliyə qədər enə bilmişdi və əldə olunan nümunələr tam olmurdu. Yeni kern isə alimlərə mantiyanın dərinlik üzrə necə dəyişdiyini ilk dəfə birbaşa müşahidə etməyə imkan verib.

Nümunə əsasən serpentinizasiyaya uğramış peridotitdən ibarətdir (yuxarı mantiyanın əsas süxuru) və tərkibində qabbro qatışıqları da var. Alimlər müəyyən ediblər ki, bu süxurlar artıq əvvəllər okean qabığının formalaşmasına gedən elementlərin böyük hissəsini itirib. Bu isə okean altında maqma hərəkətinin mürəkkəb yollarını göstərir.

Ən mühüm kəşflərdən biri mantiya süxurlarının dəniz suyu ilə aktiv qarşılıqlı təsiridir. “Serpentinizasiya” prosesi zamanı minerallar dəyişir və molekulyar hidrogen ayrılır.

Qeyd olunur ki, bu hidrogen ekstremal şəraitdə həyatın mövcudluğunu dəstəkləməkdə mühüm rol oynaya bilər. Qazma sahəsinə yaxın “Lost City” hidrotermal sahəsi yerləşir və burada hidrogen və metanla zəngin isti qələvi axınlar karbonat formalaşmalarından çıxaraq tam qaranlıqda yaşayan mikroorqanizmləri qidalandırır.

Alimlər hesab edirlər ki, bu cür şərait Yer kürəsində həyatın ilkin yaranmasına təkan vermiş ola bilər və oxşar mühitlər Günəş sisteminin digər göy cisimlərində, məsələn Yupiter və Saturnun peyklərində də mövcud ola bilər.

Tədqiqat həmçinin böyük miqdarda karbonat damarlarının karbon qazını bərk formada “kilidlədiyini” göstərib. Bu proses iqlim dəyişikliyi ilə mübarizə üçün təbii CO₂ “möhürlənməsi” mexanizmi kimi dəyərləndirilir.

Bundan başqa, mantiyada yaranan hidrogen “təmiz” enerji mənbəyi kimi də nəzərdən keçirilir. Dünyanın müxtəlif yerlərində artıq “təbii” və ya “qızıl hidrogen” ehtiyatları aşkar edilir və bu yeni məlumatlar serpentinizasiyanın onun əsas yaranma mexanizmlərindən biri ola biləcəyini təsdiqləyir.

Lakin tədqiqatçılar vurğulayırlar ki, bu kəşf dərhal hasilata başlanması demək deyil. Əsas məqsəd su, istilik və süxurların Yer daxilində necə qarşılıqlı təsir göstərdiyini daha yaxşı anlamaqdır.

Qeyd olunur ki, bu nəticə “JOIDES Resolution” gəmisinin son böyük elmi nailiyyətlərindən biri ola bilər. 2024-cü ildə onun maliyyələşməsinin dayandırıldığı bildirilib və hazırda gəminin birbaşa əvəzi yoxdur.

Beləliklə, əldə olunan kern yalnız elmi irəliləyiş deyil, həm də planetin tektonikası, iqlim sistemi və dərin biosferin öyrənilməsində mühüm rol oynamış bir gəminin “elmi mirası” kimi qiymətləndirilir.

Alimlər nümunələri uzun müddət analiz etməyi planlaşdırırlar — mikroskopik maqnit hissəciklərdən tutmuş süxurların kimyəvi tərkibinə qədər. Gözlənilir ki, bu tədqiqatlar Yer mantiyasının iqlimin formalaşması, karbon dövranı və həyatın inkişafındakı rolunu daha yaxşı anlamağa kömək edəcək.

Samir

0