ABŞ təyyarədaşıyan gəmilərində dəyişməz "5 mil" qaydası: Bu nə deməkdir?

DÜNYA
19:44 / 08.04.2026
48

Bütün 11 ABŞ təyyarədaşıyan gəmisi “5 mil qaydası” adlanan prinsipə əməl edir və bu qayda çox nadir hallarda pozulur. Bu qaydaya əsasən, təyyarədaşıyan gəminin ətrafında 5 dəniz mili (təxminən 9,3 kilometr) məsafədə təcrid zonası yaradılır. Fotolarda bəzən aviadaşıyıcı zərbə qrupunun gəmilərinin sıx şəkildə yaxın hərəkət etdiyi görünsə də, bu, döyüş əməliyyatları və uçuşlar zamanı standart vəziyyət deyil.

HİT.az xəbər verir ki, bu barədə slashgear.com yazır.

2000-ci ildə USS Cole (DDG-67) esminesi kiçik bir gəmi tərəfindən hücuma məruz qalmış, nəticədə gəmi ciddi zədələnmiş, 17 hərbçi həlak olmuş və təxminən 40 nəfər yaralanmışdı. Bu hadisədən sonra ABŞ Hərbi Dəniz Qüvvələri kiçik gəmilərə qarşı daha sərt təhlükəsizlik yanaşması tətbiq etməyə başlayıb və 5 mil bufer zonası yaradılıb ki, heç bir kiçik gəmi təyyarədaşıyana yaxınlaşa bilməsin.

Digər səbəb isə aviasiya əməliyyatları ilə bağlıdır. Təyyarələrin qalxıb-enməsi zamanı yüksək risklər yaranır. Yanacaq və ya sistem nasazlığı olan təyyarə yaxınlıqdakı gəmilər üçün təhlükə yarada bilər. Buna görə də geniş boş su sahəsi tələb olunur.

Bundan əlavə, təyyarədaşıyan gəmi küləyə qarşı çevrilərək uçuşlara hazır vəziyyətə gətirilir və bunun üçün böyük manevr radiusu lazımdır. Ətrafda başqa gəmilərin olmaması təhlükəsizlik baxımından vacibdir. Eyni zamanda, eniş zamanı yanacağı azalan təyyarələr üçün də təhlükəsiz hava və su məkanı təmin edilir.

Qaydanın başqa bir səbəbi isə güclü radar və radioelektron müharibə siqnallarıdır. Bu siqnallar yaxınlıqdakı mülki gəmilərin naviqasiya və rabitə sistemlərinə müdaxilə edə bilər, buna görə məsafə qorunur.

Adətən fövqəladə hallar – insanın suya düşməsi, döyüş şəraitində gözlənilməz vəziyyət və ya təcili əməliyyatlar “5 mil qaydası”nın müvəqqəti ləğvinə səbəb ola bilər.

Qeyd olunur ki, ABŞ hazırda 11 təyyarədaşıyan gəmiyə malik olsa da, qlobal təhlükələrin artması fonunda bu say artıq bütün böhranlara operativ cavab vermək üçün kifayət etmir.

Samir

0