Səudiyyə Ərəbistanı və BƏƏ daxil olmaqla Körfəz ölkələri İran tərəfindən həyata keçirilən hücumlara qarşı daha sərfəli alternativ kimi Ukraynada hazırlanmış dron-ələkeçiricini nəzərdən keçirir. Söhbət təxminən 2500 dollar dəyərində olan sistemdən gedir.
HİT.az xəbər verir ki, bu barədə "Reuters" yazıb.
Yaponiyanın “Terra Drone” şirkətinin baş direktoru Toru Tokusiqe bildirib ki, region ölkələri son aylarda bu texnologiyaya marağı artırıb: “Hamı hesablamalar aparmağa başladı. Bu iqtisadi cəhətdən məntiqli deyil və insanlar bunu nəhayət anlamağa başlayır”.
Məlumata görə, belə bir dronun qiyməti təxminən 400 min yen (təxminən 2526 ABŞ dolları) təşkil edir. Müqayisə üçün, “Patriot” tipli yerüstü raketlər bir ədəd üçün təxminən 4 milyon dollara qədər başa gələ bilər, “Shahed” tipli dronların qiyməti isə təxminən 20 min dollar civarındadır.
“Terra Drone” keçən ay Ukraynanın “Amazing Drones” startapı ilə əməkdaşlıq çərçivəsində hərbi bazara daxil olduğunu açıqlayıb. Şirkət “Terra A1” adlı dron-ələkeçirici hazırlayıb və onun məqsədi Rusiyanın Ukraynaya qarşı istifadə etdiyi “Shahed” tipli dronlara qarşı mübarizə aparmaqdır.
Razılaşmaya əsasən, Yapon şirkəti bu texnologiyanı xaricdə satacaq və eyni zamanda investisiya və istehsal biliklərini təmin edəcək. “Terra A1” hələ döyüş şəraitində sınaqdan keçirilməyib və yaxın aylarda Ukrayna ordusuna test məqsədilə təhvil verilməsi planlaşdırılır.
Eyni zamanda, “Terra Drone” artıq Səudiyyə Ərəbistanının “Aramco” neft şirkəti üçün monitorinq və inspeksiya dronları təqdim edir və bu mövcud əməkdaşlıq Körfəz regionunda istehsalın qurulmasına kömək edə bilər.
Samir


