ABŞ, İran, yoxsa İsrail: Qalib kimdir?

DÜNYA
11:35 / 09.04.2026
136

“Pakistanın təşəbbüsü ilə əldə olunan iki həftəlik atəşkəs tərəflərin yenidən toparlanması üçün atılan bir addımdır”.

Bu sözləri Azərbaycan Ümid Partiyasının sədr müavini, politoloq Bakir Həsənbəyli Hit.az-a açıqlamasında İrandakı müharibənin dayanması barədə danışarkən deyib.

O bildirib ki, istər İranın, istər İsrailin, istərsə də ABŞ-nin özünü qalib elan etməsi daxili auditoriya üçün nəzərdə tutulmuş bir addımdır:


“Bu münaqişədə tərəflərin öz daxili auditoriyalarındakı narahatlıq və narazılığın həm müharibənin gedişində, həm də ondan sonra qabarıq şəkildə özünü göstərmə ehtimalı çox böyük idi. Məlumdur ki, müharibə gedişatında ABŞ-nin əksər bölgələrində 9 milyona yaxın insan küçələrə çıxaraq etiraz etmişdi. ABŞ Prezidenti Donald Tramp bilir ki, istər noyabrdakı ara seçkilərdə, istərsə də növbəti prezident seçkilərində partiyası ciddi məğlubiyyətlə üzləşə bilər. İranda isə müharibədən əvvəl ticarətlə məşğul olan kəsimin etirazları fonunda ciddi iğtişaşlar baş vermişdi. Bu səbəbdən hər iki tərəf üçün daxili vəziyyəti gözardı etmək mümkün deyil”.

Ekspert qeyd edib ki, İsraildə dövlətlə Baş nazir Benaymin Netanyahu arasında ciddi fərqli nüanslar mövcuddur:
“Netanyahu müharibənin daha çox uzanmasının və müxtəlif münaqişələrin olmasının tərəfdarıdır. Bu, onun həm fiziki, həm də siyasi cəhətdən xilas kodeksidir. Müharibənin əsl qalibi isə ABŞ-dir. Çünki Tramp İrana sadəcə “qələbə zənginin” çalınması imkanından başqa bir şey verməyib. Müharibənin əsl qalibinin ABŞ olduğunu irəliləyən günlərdə görəcəyik. 

Ağ Evin qarşısına qoyduğu konkret hədəflər var. Onlar arasında, İranın Çinlə müstəqil ticarət dövriyyəsinin öz nəzarətinə keçməsi, dəniz və quru nəqliyyat dəhlizləri üzərində nəzarətin əldə edilməsi kimi hədəflər yer alır. Bundan başqa, enerji resurslarına sahiblənmək və onların hasilatını öz nəzarətində reallaşdırmaq ABŞ-nin əsas məqsədləri sırasındadır”.

Politoloqun sözlərinə görə, İranın təklif etdiyi 10 maddəlik bəndlər isə qəbul edilə bilməz:
“ABŞ-nin irəli sürdüyü şərtlərin isə dünya və İran cəmiyyətinə tam bəlli etmədən mərhələli şəkildə həyata keçirilməsi real görünür. Hesab edirəm ki, İranın ABŞ-nin tələblərinə əməl etməkdən başqa çıxış yolu yoxdur. Əks halda, müharibənin yenidən başlaması İran rejiminin və dövlətinin süqutu ilə nəticələnə bilər. Hazırkı atəşkəs rejimi çox kövrəkdir, tərəflər danışıqlara qarşılıqlı etimadsızlıq şəraitində başladıqları üçün onun hər an pozulma ehtimalı var”.

Elmir Mustafa

0