Kosmosda aşkar edilən göy cisimləri hər gün yeni suallar yaradır, lakin TOI-5205 b bu baxımdan xüsusi bir tapmaca kimi qiymətləndirilir.
HİT.az xəbər verir ki, öz ulduzuna nisbətən qeyri-adi dərəcədə böyük olması səbəbilə “qadağan olunmuş planet” adlandırılan bu qaz nəhəngi alimlərin mövcud modellərini ciddi şəkildə çətinləşdirir.
Yupiterdən bir qədər böyük olan bu planet özündən cəmi dörd dəfə böyük radiusa malik kiçik qırmızı cırtdan ulduzun ətrafında fırlanır. Ulduzla planet arasındakı kütlə nisbəti o qədər qeyri-adi formadadır ki, planet ulduz kütləsinin təxminən 0,3 faizini təşkil edir. Bu göstərici qırmızı cırtdan ətrafında dövr edən məlum planetlər arasında rekord sayılır.
Ceyms Uebb Kosmik Teleskopu ilə aparılan dəqiq müşahidələr planetin atmosferindən keçən işığın analizinə imkan verib və kimyəvi tərkib üzə çıxarılıb. Astronomiyada hidrogen və heliumdan başqa bütün elementlər “metal” kimi qəbul edilir. Adətən ulduz sistemlərində planetlərin ulduzdan daha yüksək metal bolluğuna malik olması gözlənilir, çünki ulduz formalaşarkən yüngül qazların böyük hissəsini toplayır. Lakin TOI-5205 b bu qaydanı pozur: ölçmələr onun atmosferində metal miqdarının ulduzundan daha aşağı olduğunu göstərir. Bu isə indiyədək müşahidə edilməmiş bir vəziyyətdir.
Alimlər bu anomaliyanı izah etmək üçün müxtəlif modellərdən istifadə edirlər. Araşdırma qrupuna görə, ağır elementlər planetin formalaşması zamanı daha çox mərkəzə doğru çökmüş və atmosferlə daxili təbəqələr qarışmamış qala bilər. Karnegi Elm İnstitutundan Şubham Kanodiyanın sözlərinə görə, ümumi kütləyə baxıldıqda gözlənilən metal miqdarı atmosferdə görünmür və bu, ağır elementlərin dərin təbəqələrdə “gizlənməsi” ehtimalını gücləndirir. Nəticədə karbonla zəngin, oksigen baxımından isə kasıb qeyri-adi bir atmosfer strukturu ortaya çıxır.
Planetin ümumi metal sıxlığı atmosferdə ölçülən göstəricidən təxminən 100 dəfə yüksək olsa da, TOI-5205 b yenə də rekord müəyyən edib: məlum qaz nəhəngləri arasında ən aşağı atmosfer metal bolluğuna sahib planetdir. Atmosfer tamamilə saf hidrogen və heliumdan ibarət deyil; burada metan və hidrogen-sulfid kimi molekullar da aşkar edilib. Birmingem Universitetindən Anjali Piettenin fikrincə, bu nəticə qaz nəhənglərinin formalaşma prosesinə dair mövcud anlayışların yenilənməsini tələb edir.
“The Astronomical Journal”da dərc olunan tədqiqat, ulduzların erkən mərhələlərində böyük planetlərin necə formalaşdığı barədə yeni suallar doğurur. TOI-5205 b isə həm ölçüsü, həm də kimyəvi sirri ilə kosmosda alimləri heyrətləndirməyə davam edir.
Samir


