Kosmosun dərinliklərinə baxdıqda gördüyümüz sonsuz qaranlıq, əslində düşündüyümüzdən daha fərqli bir quruluşun parçası ola bilər.
HİT.az xəbər verir ki, astronomiya dünyasında uzun müddətdir müzakirə edilən “qara dəlik kosmologiyası” nəzəriyyəsi son illərdə əldə edilən məlumatlarla yenidən gündəmə gəlib.
Bu yanaşmaya görə, biz hamımız nəhəng bir qara dəliyin daxilində yaşayırıq. Nəzəriyyənin əsas iddiası ondan ibarətdir ki, bizim kainatımız başqa bir kainatdakı qara dəliyin içində yerləşə bilər. Hətta öz kainatımızdakı qara dəliklərin də yeni kainatlara açılan qapılar olduğu fikri elm dünyasında maraq doğurur. İlk dəfə təxminən yarım əsr əvvəl irəli sürülən bu ideya əvvəllər ciddi qəbul edilməsə də, müasir teleskopların verdiyi məlumatlarla yenidən diqqət mərkəzinə düşüb.
Bu modelin əsasları 1972-ci ildə fizik Raj Kumar Patria tərəfindən qoyulub. O, Eynşteynin ümumi nisbilik nəzəriyyəsindən çıxış edərək Karl Şvarsşildin işlərini araşdırıb və maraqlı nəticəyə gəlib. Şvarsşild göstərmişdi ki, kifayət qədər sıxlaşdırılmış istənilən kütlə qara dəliyə çevrilə bilər. Məsələn, Günəş təxminən 3 kilometrlik kürəyə sıxılsa, qara dəliyə çevrilər. Patria isə diqqətəlayiq bir uyğunluq aşkar edib: müşahidə olunan kainatın radiusu, onun ümumi kütləsinin yarada biləcəyi “hadisə üfüqü” ilə üst-üstə düşür. Bu isə qara dəliyin daxilində gözlənilə biləcək bir vəziyyətə bənzəyir.
Uzun illər bu fikir sadəcə nəzəri bir ehtimal kimi qəbul edilib. Lakin 2025-ci ildə yayımlanan iki tədqiqat ona yeni çalar qatıb. James Webb Kosmik Teleskopundan alınan məlumatlara əsasən 250-dən çox uzaq qalaktikanın fırlanma istiqaməti analiz edilib. Nəticələr gözlənildiyi kimi 50/50 paylanma göstərməyib; əksinə, qalaktikaların əksəriyyətinin eyni istiqamətdə döndüyü müşahidə olunub. Bu isə kainatın ümumilikdə fırlanan bir struktur ola biləcəyi ehtimalını gücləndirib. Belə bir hərəkət modeli qara dəliklərin bəzi nəzəri xüsusiyyətləri ilə uyğunluq göstərir.
Digər bir tədqiqat isə “Böyük Partlayış”ın başlanğıc deyil, bir “sıçrayış” ola biləcəyini irəli sürür. Bu modelə görə, qara dəliyin daxilindəki cazibə çöküşü müəyyən həddə çatdıqdan sonra tərsinə çevrilə və yeni bir kainatın yaranmasına səbəb ola bilər. Yəni bizim kainat başqa bir kainatda məhv olmuş nəhəng bir ulduzun yaratdığı qara dəliyin içində genişlənən bir struktur ola bilər.
Fizik Li Smolinin “kosmoloji təbii seçim” ideyası da bu mənzərəyə əlavə bir perspektiv verir. Smolinə görə, hər qara dəlik yeni bir kainat yaradır və bu kainatlar kiçik fərqlərlə “ana kainatdan” ayrılır. Zamanla daha çox qara dəlik yaradan kainatlar sanki təkamül keçirərək daha “uğurlu” sistemlərə çevrilir.
Əgər bu nəzəriyyələr doğru olarsa, qaranlıq maddənin hətta Böyük Partlayışdan daha qədim ola biləcəyi kimi bir çox sirr yeni izah qazana bilər. Hazırkı texnologiya ilə bu fikirləri sübut etmək mümkün olmasa da, kainatın sabit və dəyişməz qanunlara malik olması anlayışı getdikcə daha dinamik və dəyişkən bir kosmos təsəvvürü ilə əvəz olunur.
Samir


