“Putin Zelenskini ciddi biri kimi qəbul etmir” – OLAY AÇIQLAMA

DÜNYA
15:30 / 09.04.2026
118

Ukrayna Prezidenti Volodimir Zelenski yenidən diqqət mərkəzinə düşüb.

O, növbəti dəfə Rusiya Prezidenti Vladimir Putinlə görüşməyə hazır olduğunu açıqlayıb:
"Mən Putinlə görüşməyə hazıram. Əlbəttə, Moskvada və ya Kiyevdə deyil. O mənimlə görüşməyə hazırdırsa, bunun üçün kifayət qədər yer var. Biz Yaxın Şərqdə, Avropada, Birləşmiş Ştatlarda, harada olursa-olsun görüşə bilərik”.

Qeyd edək ki, son zamanlarda dəfələrlə Putin və Zelenski arasında görüşün keçirilməsi gündəmə gəlib. Hətta zaman-zaman görüşün keçiriləcəyi tarix və yerlə bağlı müxtəlif variantlar səsləndirilib. Lakin uzun müddətdir gözlənilən görüş keçirilmir.

Maraqlıdır, Zelenski-Putin görüşü nə üçün baş tutmur?

Mövzu ilə bağlı politoloq Turab Rzayev Hit.az-a açıqlama verib.

O düşünür ki, Putin Zelenski ilə görüşməyəcək:
“Çünki Putin Zelenskini ciddi bir şəxs kimi qəbul etmir. Putin Zelenskinin arxasındakı güclərlə görüşür. Yəni Putin görüşdə nəyisə müzakirə etmək istəsə, ABŞ və ya Böyük Britaniya rəhbərliyi ilə görüşər. Lakin Britaniya ehtimalı da onların Rusiyaya qarşı düşmən mövqeyi səbəbindən aşağıdır. Hətta son görüş də Rusiya və ABŞ liderləri arasında Alyaskada keçirildi. Faktiki olaraq, Vladimir Putin amerikalı həmkarı Donald Trampla görüşüb şərtləri müəyyən edib”.

Ekspert qeyd edib ki, Rusiya Zelenksini legitim prezident saymır:
“Ona görə də Zelenskini ciddi qəbul etmirlər. Kremlə görə, Ukraynada prezident seçkiləri keçirilmədiyi üçün Zelenski legitim deyil. Hətta deyərdim ki, Putin Zelenskini legitim saysaydı belə görüşməzdi. Bundan başqa, son zamanlarda Zelenskinin siyasi çəkisi əhəmiyyətli dərəcədə azalıb. 

Yaxın Şərq müharibəsi Ukraynanı diqqətdən kənar qoyub və onlara hərbi yardım göndərilmir. Digər tərəfdən, Avropadan Ukraynaya maliyyə yardımı da gəlmir. Çünki Macarıstana gedən neft boru kəmərini Zelenski sabotaj etdirib, bağlatdırıb. Macarıstan da buna qarşı olaraq Avropa İttifaqından Ukraynaya gələn yardımlarını dayandırıb”.

Həmsöhbətimiz onu da diqqətə çatdırıb ki, artıq Ukraynanın regional ərazilərə hücum etməsi, özünü bir terror dövləti kimi aparması fərqli istiqamətlərdə bəhrəsini verir:
“Məsələn, türk gəmilərinə hücumdan sonra Türkiyə Zelenskiyə çox ağır bir dərs verdi. Türkiyəyə səfər edən Zelenskini İstanbul şəhərinin Bağcılar səmtinin bələdiyyə sədri qarşıladı. Yəni bu addımla onu açıq şəkildə təhqir etdilər və yerini göstərdilər. Rəsmi Ankara göstərdi ki, Türkiyə ilə bu cür davranmaq olmaz. Düşünürəm ki, bütün bu hadisələr fonunda Zelenski yenidən özünü gündəmə gətirmək istəyir. Ona görə də Putinlə görüş kimi bir ideya səsləndirib. Lakin Putinin Zelenskini ümumiyyətlə ciddi qəbul etmədiyini bütün dünya bilir”.

Elmir Mustafa
 

0