Qeyri-müəyyənliklərlə razılaşma: ABŞ və İran nəyi müzakirə edə bilər?

DÜNYA
15:26 / 09.04.2026
47

ABŞ Prezidenti Donald Tramp Yaxın Şərqdə atəşkəsin davamlılığı ilə bağlı şübhələrin artdığı bir vaxtda İranla danışıqlara hazırlaşarkən yeni diplomatik çətinliklərlə üzləşir. 

HİT.az xəbər verir ki, bu barədə "The New York Times" nəşri yazır.

Məlumata görə, ABŞ tərəfdən danışıqları vitse-prezident Cey Di Vens, Trampın xüsusi nümayəndəsi Stiv Vitkoff və onun kürəkəni Cared Kuşner aparacaq. Onların qarşısında duran əsas vəzifə onilliklər ərzində formalaşmış siyasi fikir ayrılıqlarını iki həftə ərzində aradan qaldırmaqdır.

ABŞ-ın İran üzrə keçmiş xüsusi nümayəndəsi Robert Melli bildirib ki, danışıqlar çox zəif əsas üzərində başlayır: “Yalnız bundan sonra hansı istiqamətdə hərəkət edəcəyimizi deyil, ümumiyyətlə haradan başlamağın lazım olduğunu da anlamaq çətindir”.

O əlavə edib ki, atəşkəs razılaşması çoxsaylı qeyri-müəyyənliklərlə doludur və tərəflər artıq bu məsələdə fikir ayrılığı yaşayır.

İran parlamentinin spikeri Məhəmməd Baqer Qalibaf isə bildirib ki, “çərçivə sazişi” üzrə üç plan artıq ABŞ və İsrail tərəfindən pozulub. Onun sözlərinə görə, belə şəraitdə atəşkəs və ya danışıqlar “məntiqsizdir”. Bununla yanaşı, ABŞ Tehran rəhbərliyinin Hörmüz boğazını açmaq vədini yerinə yetirib-yetirmədiyini izləyir, lakin hələlik buna dair sübut yoxdur.

Nəşr qeyd edir ki, hər iki tərəf həm danışıqlarda, həm də cəbhədə üstün mövqedə olduğunu nümayiş etdirməyə çalışacaq. Bununla belə, onların danışıqlar masasına oturmaq üçün motivasiyası da var. İran beş həftəlik müharibədən sonra ciddi zərər görüb, Tramp isə aralıq seçkilər ərəfəsində ictimai təzyiq, enerji qiymətlərinin artması və tərəfdarları arasında narazılıqla üz-üzədir.

Ekspertlər bildirirlər ki, mümkün atəşkəs mürəkkəb və qeyri-kamil olacaq, lakin tərəflər ən azı danışıqların nəticə verib-verməyəcəyini yoxlamaqda maraqlıdır.

Eyni zamanda, mütəxəssislər hesab edir ki, İranın ciddi güzəştlərə getməsi ehtimalı azdır. Bu, xüsusilə Tehranın illərdir dəyişməyən tələbləri və Hörmüz boğazı vasitəsilə enerji və kimyəvi məhsulların tədarükünü məhdudlaşdırmaqla göstərdiyi iqtisadi təsir fonunda izah olunur.

Qalibaf daha əvvəl də bəyan edib ki, İran uranın zənginləşdirilməsini öz suveren hüququ hesab edir. ABŞ administrasiyası isə Tehrandan bu fəaliyyəti tamamilə dayandırmağı tələb edir.

Bu səbəbdən, yaxın zamanda genişmiqyaslı razılaşmanın əldə olunması ehtimalı aşağı qiymətləndirilir. Daha real ssenari tərəflərin İranın nüvə proqramı kimi əsas məsələləri kənarda saxlayan daha məhdud razılaşmalar əldə etməsidir.

Samir
 

0