Almaniyanın Frankfurt-am-Mayn şəhər mərkəzindən təxminən səkkiz kilometr qərbdə yerləşən Höxst rayonundakı Bolongaro sarayında aparılan bərpa işləri zamanı arxeoloqlar mühüm kəşf ediblər.
HİT.az xəbər verir ki, "Popular Mechanics" nəşrinin yazdığına görə, sarayın bağında regionda ilk dəfə Roma hərbi düşərgəsi aşkar olunub.
Təxminən on ilə yaxın davam edən yenidənqurma prosesindən sonra Arxeoloji İrsin İdarə Edilməsi Departamentinin mütəxəssisləri bağın sıx yaşıllığı altında müxtəlif artefaktlar tapıblar. Bunların arasında Fransa və Belçikadan olan sikkələr, həmçinin Cənubi Qalliyaya aid keramika nümunələri yer alır.
Mütəxəssislər bildirirlər ki, bu tapıntı Frankfurtun erkən tarixini yenidən dəyərləndirməyə imkan verir. Çünki aşkar olunan artefaktlarda zorakılıq və ya münaqişə izləri yoxdur, əksinə, Roma hakimiyyətinin bu ərazidə daha çox sülh yolu ilə qurulduğunu göstərir.
Frankfurtun meri Mayk Yozef qeyd edib ki, eramızın təxminən 0-cı illərinə aid olan bu düşərgənin qalıqları yalnız region üçün deyil, ümumilikdə tarix üçün böyük əhəmiyyət daşıyır. Onun sözlərinə görə, bu obyekt Roma imperiyasının genişlənməsi ilə yanaşı, şəhərin formalaşma tarixini də izləməyə imkan verir.
Abidələrin qorunması üzrə idarənin rəhbəri Andrea Hampel isə bildirib ki, bu kəşf Romalıların Almaniya ərazisindəki erkən hərbi fəaliyyətləri ilə bağlı bir çox stereotipləri təkzib edir. Onun sözlərinə görə, adətən bu dövr Asteriks və Obeliks kimi obrazlarla və ya Tevton meşəsindəki qanlı döyüşlərlə əlaqələndirilir.
Hampel vurğulayıb ki, Bolongaro bağında aparılan qazıntılar zamanı heç bir döyüş və ya dağıntı izi aşkarlanmayıb. Əksinə, yerli keramika və qida vərdişlərinə dair məlumatlar Roma əsgərləri ilə yerli əhali arasında əlaqə və əməkdaşlığın olduğunu göstərir.
Tarixi məlumatlara görə, imperator Avqust dövründə Roma imperiyası Avropada genişlənərkən Almaniya əsas sərhəd bölgələrindən birinə çevrilmişdi. Həmin dövrdə hərbi düşərgələr adətən qısa müddətli olurdu və bu da onların arxeoloji cəhətdən aşkarlanmasını çətinləşdirir.
Lakin Bolongaro sarayında tapılan düşərgə bu baxımdan fərqlənir. Ehtimal olunur ki, o, bir neçə il fəaliyyət göstərib. Bunun səbəbi kimi onun Nidda və Mayn çaylarına yaxın strateji mövqedə yerləşməsi və digər Roma məskənləri ilə yol şəbəkəsi vasitəsilə əlaqəli olması göstərilir.
Höxst düşərgəsində həm Roma legionerlərinin, həm də köməkçi qoşunların yerləşdiyi güman edilir və onun əhalisi adi müvəqqəti düşərgələrdən daha çox olub. Bu tapıntı romalılar ilə bölgənin yerli sakinləri arasında erkən münasibətlərə dair təsəvvürləri əhəmiyyətli dərəcədə dəyişir.
Samir


