LSEG məlumatlarına görə, mart ayında ABŞ aviasiya yanacağı ixracının 25 faizi Böyük Britaniyanın payına düşüb. "Vortexa" analitik şirkətinin qiymətləndirməsinə əsasən, aprel ayının ilk yarısında ABŞ məhsulu artıq Böyük Britaniyanın bu növ yanacaq üzrə ümumi idxalının təxminən 50 faizini təşkil edəcək. Bir il əvvəl bu göstərici cəmi 7 faiz idi.
HİT.az "Financial Times"a istinadən xəbər verir ki, Böyük Britaniya ABŞ-dan aviasiya yanacağının əsas idxalçısına çevrilib.
"Vortexa" bildirir ki, bu dəyişiklik Böyük Britaniyanın tarixən aviasiya yanacağını əsasən Yaxın Şərq ölkələrindən alması tendensiyasının dəyişdiyini göstərir. Fars körfəzindəki münaqişə fonunda həmin regiondan tədarüklər pozulub və xammal qiymətləri artıb. Bunun nəticəsində ABŞ artan tələbi qarşılamaq və yüksələn qiymətlərdən faydalanmaq üçün aviasiya yanacağı ixracını artırıb.
LSEG məlumatlarına görə, mart ayında ABŞ təxminən 500 min ton aviasiya yanacağı ixrac edib ki, bu da fevral ayı ilə müqayisədə iki dəfə çoxdur. Bunun təxminən 115 min tonu Böyük Britaniyanın payına düşüb. İdxal həcminə görə ikinci yerdə Niderland (təxminən 80 min ton), üçüncü yerdə isə Dominikan Respublikası (təxminən 70 min ton) qərarlaşıb.
Aprel ayında Böyük Britaniya ümumilikdə müxtəlif mənbələrdən 218 min ton aviasiya yanacağı almağı planlaşdırır. Bunun 151 min tonu ABŞ-dan olacaq. Bu göstərici əvvəlki on ayın orta səviyyəsindən iki dəfədən çox yüksəkdir.
Samir


